Təsəvvür edin: hüzr mərasimi, çadır qurulub, adam o qədər çoxdur ki, yerə iynə atsan, tapmazsan; mərhumun doğmaları çadırın yuxarı başında, molla Quran oxuyur, amma hər kəs hara gəldiyini unudub, kimi çayı qurtumlaya-qurtumlaya yanındakı şəxslə söhbət edir, kimi məclisdə iştirak edən tanınmış sima ilə selfi çəkdirir...
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev “Yeni Sabah”a danışarkən bu mənzərənin mövcudluğunu təsdiqləyib:
“Təəssüf ki, bəzi yas mərasimlərində yüksək səslə danışmaq, zarafat etmək, mobil telefonla məşğul olmaq, şəkil çəkdirmək, hətta Qurani-Kərim tilavəti və dualar zamanı belə laqeyd davranmaq kimi hallara rast gəlinir. Bu cür davranışlar həm İslami əxlaqi prinsiplərinə, həm də xalqımızın milli-mənəvi dəyərlərinə uyğun deyil. Yas məclisində iştirak edən hər bir şəxs davranışı ilə mərhumun xatirəsinə ehtiram göstərməli, onun yaxınlarının kədərinə hörmətlə yanaşmalıdır. Qurani-Kərim tilavəti və edilən dualar zamanı sükutun qorunması, diqqətlə dinləmək və məclisin mənəvi ab-havasını pozmamaq hər bir iştirakçının mənəvi borcudur”. pizza hut
İlahiyyatçı bildirib ki, yas mərasimi, ilk növbədə, dünyasını dəyişmiş insanın xatirəsinə ehtiramın ifadə olunduğu, onun ailəsinə mənəvi dəstəyin göstərildiyi və ölüm həqiqəti üzərində düşünmək üçün toplaşılan bir məclisdir:
“Din xadimləri, ağsaqqallar, ziyalılar və ümumilikdə cəmiyyət yas mədəniyyətinin mahiyyətini insanlara daha geniş şəkildə izah etməli, bu dəyərlərin qorunmasına töhfə verməlidir. Hesab edirəm ki, yas məclislərində etik davranış qaydalarına riayət etmək hər bir insan üçün vicdan, mənəviyyat və mədəniyyət məsələsidir. Mərhuma göstərilən hörmət, əslində, onun ailəsinə, eləcə də cəmiyyətin mənəvi dəyərlərinə göstərilən hörmətin təzahürüdür”.
İlahiyyatçı Fazil Əhmədli isə digər mühüm məqamları vurğulayıb:
“Bəli, çox təəssüf ki, bu kimi hallarla tez-tez qarşılaşırıq. Düşünürəm ki, əvvəllər bu məsələ cəmiyyət tərəfindən daha yaxşı tənzimlənirdi. Məsələn, yadımdadır ki, Bakı kəndlərində və müxtəlif rayonlarda iştirak etdiyim yas məclislərində bir neçə nəfər oturub söhbət etməyə başlayanda ağsaqqallar dərhal etiraz edirdilər. Deyirdilər: "Xahiş edirik, kim söhbət edəcəksə, çölə çıxsın, söhbətini orada etsin. Bura rəhmət oxumağa, savab qazanmağa və din xadiminin sözünü dinləməyə gəlmişik".
İnsanlar da bunu normal qarşılayır, heç kim incimirdi. Bu xəbərdarlıq kifayət edirdi ki, məclisdə sakitlik yaransın və din xadimi öz söhbətini davam etdirsin”.
F.Əhmədli fikirlərini belə davam etdirib:
“Özüm məclisdə "Bismillah" dedikdən sonra xahiş edirəm ki, həm mərhumun, həm də onun yaxınlarının hörmətinə sakitliyə riayət edəsiniz. Heç olmasa, sizi bura dəvət edən insanların xətrinə hörmət edin və söhbət etməyin. Bu sözlə insanların psixologiyasına təsir etməyə, onları söhbətdən və qeybətdən çəkindirməyə çalışıram. Amma etiraf etmək lazımdır ki, bəzi hallarda yas məclislərində insanların söhbət etməsinə səbəb elə din xadiminin özü olur. Çünki ya aktual mövzu seçmir, ya danışıq tərzi sərt olur, ya da insanlarda elə təəssürat yaradır ki, guya onlara ağıl öyrədir. Mən dəfələrlə demişəm ki, din xadimi insanlara ağıl yox, məlumat verməlidir.
Bir başqa qüsur din xadimlərinin çıxışlarında həddindən artıq dini və ərəb mənşəli terminlərdən istifadə etməsidir. "Təqva", "müstəhəb", "məkruh" kimi anlayışlar izah edilmədən işlədildikdə sıravi insanlar bunların mənasını başa düşmürlər. Bir müddət dinlədikdən sonra heç nə anlamadıqları üçün diqqətləri yayınır və söhbət etməyə başlayırlar. Buna görə də din xadimləri dini mövzuları sadə, anlaşıqlı dillə izah etməlidir”.
Aytac Əliyeva
Telegram kanalımız