Bakıda 225 saylı məktəbdə Real TV-nin çəkiliş qrupuna hücum edilməsi jurnalistlərin hüquqları və məktəblərdə təhlükəsizlik məsələsini gündəmə gətirib. Müxbirin iddiasına görə, məktəbin mühafizəçisi yeniyetmələri jurnalistlərə hücuma təşviq edib.
Bəs belə hadisələr zamanı jurnalistlərin hüquqları necə qorunmalıdır? Məktəb ərazisində çəkilişə mane olmaq və jurnalistlərə fiziki müdaxilə hansı hüquqi məsuliyyət yaradır?
Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət “Yeni Sabah”a açıqlamasında bildirib ki, hadisə ilə bağlı reportaj hazırlamaq istəyən jurnalistlərə şərait yaradılmalı idi: Pepperoni pizza
“Birincisi, bu, həqiqətən də çox acı hadisədir. Əlbəttə, belə bir hadisənin baş verməsini arzu etməzdik. Bu, öz yerində.
İkincisi, jurnalistlərin informasiya almaq hüququ var. Xüsusilə də belə səs-küylü hadisə baş veribsə, jurnalistlərin hadisə yerinə gedərək reportaj hazırlamaq hüququ var. Amma məsələ ondadır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və bütövlükdə Elm və Təhsil Nazirliyinin bununla bağlı təlimatları var. Həmin təlimatlara əsasən, məktəblərin daxilində çəkiliş aparmaq, müsahibə almaq və digər bu kimi fəaliyyətlər üçün xüsusi icazə alınmalıdır. Yəni məktəblərə tapşırıq verilib ki, hər hansı jurnalist məktəbin ərazisinə gələrək kimdənsə müsahibə almaq və ya çəkiliş aparmaq istəsə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilsin, oradan razılıq və icazə alınsın, bundan sonra çəkiliş qrupları və ya jurnalistlər əraziyə buraxılsın.
Əslində, məktəbin reportaj hazırlamaq istəyənlərə maneçilik törətmək hüququ var. Lakin bu hadisə də sıradan bir hadisə deyil, dəhşətli hadisədir. Belə bir şəraitdə məktəbin direktoru və ya başqa bir vəzifəli şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlamalı, vəziyyəti izah etməli idi. Bildirməli idi ki, belə bir hadisə baş verib, jurnalistlər də ərazidədirlər və bu vəziyyətdə necə davranmaq lazımdır. Jurnalistlər üçün şərait yaradılmalı idi. Vəzifəli şəxslərdən biri və ya bir neçəsi onların qarşısına çıxmalı, sakit şəkildə vəziyyəti izah etməli idi.
Təbii ki, hadisə baş verən kimi jurnalistlərin gəlib orada bütün təfərrüatlar haqqında danışması da düzgün olmazdı. Əslində, bu, xüsusi araşdırma tələb edən məsələdir və araşdırmanın gedişinə uyğun olaraq müəyyən məhdudiyyətlər də ola bilər. Sadəcə, jurnalistləri uyğun və nəzakətli şəkildə yola salmaq olardı. Bu, birinci məsələdir”.
A.Həsrət vurğulayıb ki, jurnalistlərin çəkiliş aparmaq istəyi onların peşə fəaliyyətinin bir hissəsidir:
“Biz jurnalistlər olaraq informasiya toplayırıq və toplamalıyıq. Bunun üçün də Azərbaycanda informasiya toplamaq azadlığı var. Ümumiyyətlə, jurnalist azadlığı, mətbuat azadlığı və ifadə azadlığı konstitusion hüquqlardır və heç kəs bu hüquqlara mane ola bilməz. Sadəcə, mövcud şərtlər və təlimatlar çərçivəsində davranılmalı idi.
Jurnalistlərə hücum etmək, özü də bu şəkildə, operatoru yerə yıxaraq təpikləmək çox pis görüntüdür. Bu, Azərbaycan adına çox pis görüntüdür və bu hərəkətləri təşkil edən şəxslər mütləq cəzalandırılmalıdır. Demək istədiyim odur ki, burada konkret cinayət əməlindən söhbət gedir. Bu, adi xuliqanlıq hadisəsi də deyil. Həm informasiya toplayan jurnalistin və ya jurnalist komandasının fəaliyyətinə mane olmaq, həm də konkret şəxsə qarşı fiziki güc tətbiq etmək və ona xəsarət yetirmək halları var.
Bunlar cinayət əməlləridir və təbii ki, hüquq-mühafizə orqanları da yəqin ki, buna uyğun tədbirlər görəcəklər. Ümumilikdə isə düşünürəm ki, bu hadisə bir daha göstərdi: xüsusilə də orta məktəblərlə bağlı informasiya məsələsi düzgün qurulmayıb. Müxtəlif hadisələr baş verir, direktorların əksəriyyəti, məktəblərin vəzifəli şəxslərinin çoxu belə hallarda necə davranmalı olduqlarını bilmirlər. Hətta bu günlərdə vahid məktəbli forması ilə bağlı tətbiq olunan qaydalara əməl olunması məsələsində də gördük ki, bəzi məktəblərin rəhbər şəxsləri uyğun davrana bilmədilər. Ortada isə bir təxribatçı dəstə dolaşır. Onlar məqsədli şəkildə gedib bu cür hadisələr törədirlər. Xüsusilə də bunu məktəblərdə edirlər ki, Azərbaycan təhsili və Azərbaycan məktəbi gözdən düşsün”.
Təhsil eksperti Elçin Əfəndi də saytımıza açıqlamasında məsələ ilə bağlı münasibətini qeyd edib:
“Adıçəkilən məktəbdə, təəssüf ki, dünən iki hadisə baş verib. Onlardan biri bədbəxt hadisədir. Çox təəssüf ki, ağrılı bir hadisə yaşanıb və yeddinci sinif şagirdi həyatını itirib.
Digər hadisə isə təbii ki, xoşagəlməz və şiddətli hadisədir. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Əlbəttə, şagird dünyasını dəyişibsə, bunun səbəbləri araşdırılır. Təbii ki, dərindən araşdırma aparmaq hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Amma cəmiyyətin ilkin məlumatlandırılması məsələsi jurnalistikanın üzərinə düşür. Yəni ilkin informasiya jurnalistlər tərəfindən ictimaiyyətə ötürülür.
Bu hadisəni araşdıran jurnalistlər də həmin məktəbin ərazisində müəyyən suallar ünvanlayıblar. Amma düşünürəm ki, həm jurnalistlər, həm məktəblinin yaxınları, həm də məktəb kollektivi maksimum təmkinli və səbirli davranmalıdırlar. Çünki bu, olduqca həssas məqamdır. Belə həssas məqamda qıcıqlandırıcı aspektdən verilən hər hansı sual, yaxud jest və mimika hər iki tərəfə mənfi təsir göstərir. Bu baxımdan tərəflər maksimum diqqətli olmalı idilər”.
Ekspert sözügedən məktəbin təhlükəsizliyinə diqqət çəkərək boşluqların olduğunu bildirib:
“Təbii ki, təhsil müəssisəsində baş vermiş bu hadisə, bir daha deyirəm, xoşagələn hal deyil. Bildiyim qədərilə, həmin məktəbin direktoru yoxdur və onun vəzifəsini müvəqqəti icra edən şəxs var. Əlbəttə, təhsil müəssisəsində bu cür hərəkətlərin baş verməsi məktəbin təhlükəsizliyi ilə bağlı suallar yaradır. Bildiyim qədərilə, burada məktəbin mühafizəçisi tərəfindən müəyyən mənada provokasiya olub. Deyilənə görə, o, bir növ provokator rolunu oynayıb. Görünür ki, həmin təhsil müəssisəsinin təhlükəsizliyi ilə bağlı boşluqlar var.
Qarovulçunun təhriki ilə müəyyən qrup şəxsin hücumuna gəlincə, əlbəttə, hadisənin obyektiv araşdırılması üçün həmin qarovulçu, yəqin ki, hüquq-mühafizə orqanları tərəfindən dindiriləcək. Bildiyim qədərilə, hadisədə iştirak edən şəxslər kənar şəxslər olublar. Həmin şəxslərin hansı səbəbdən bu addımı atdıqları və niyə şiddətə meylli olduqları araşdırma zamanı üzə çıxacaq. Ümumilikdə isə hadisə dəqiq araşdırma tələb edir. Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu istiqamətdə mümkün qədər dəqiq və obyektiv araşdırma aparacaqlar”.
Aytac Əliyeva
Telegram kanalımız