“Karantindir amma yenə də küçələr adamla doludur” –  Deputatdan sərt açıqlama
29 İyn 2020 17:53
873

“Karantindir amma yenə də küçələr adamla doludur” – Deputatdan sərt açıqlama

Milli Məclisin bu gün keçirilən iclasında tibbi maska taxmamağa görə cərimələrin ikiqat artırılıması, bəzi deputatların karantin rejimini uzatmaq, fövəqəladə vəziyyət elan etmək barədə təklifləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Cəmiyyətin müəyyən hissəsi cərimələrin artırılmasını və koronavirus infeksiyasına qarşı mübarizədə inzibati üsulların daha da gücləndirilməsi barədə təklifləri tənqi edib. Onların fikrincə, hakimiyyət infeksiyaya qarşı mübarizə ilə bağlı yanlış strategiya qurub və yoluxma halının artması da bunun nəticəsidir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan deputat Musa Quliyev isə hesab edir ki, cərimələrin artırılmasını tənqid edənlər anti-dövlət mövqeyi tutan şəxslərdir. 

“Prezident İlham Əliyevin də Gəncədə dediyi ki, həmin şəxslərin fikri budur ki, hökumət üçün nə qədər pis olsa, onlar üçün yaxşıdır. Bu kateqoriyadan olan insanlar istisna olmaqla cəmiyyət koronavirusla mübarizə çərçivəsində qəbul edilən qərarlara müsbət yanaşır. Onlar şüurlu şəkildə dərk edir ki, cərimələrin tibbi maskadan istifadə edənlərə aidiyyatı yoxdur. Maska taxan cərimədən niyə qorxmalıdır ki? Cərimələr qanunu pozanlar üçündür. Qanunu pozan da ona görə cəzalandırılmalıdır ki, nə özü xəstələnsin, nə də başqalarını yoluxdursun. 

Yəni, söhbət cərimələrlə büdcəni doldurmaqdan deyil, məsuliyyətin xətaya adekvatlığından gedir. İndiki dövrün tələbi budur. Nə qədər ki, hava-damcı yolu ilə yoluxan koronavirus infeksiyasının əleyhinə vaksin tapılmayıb, biz özümüzü qorumalıyıq. Qorunmağın bir yolu da tibbi maska taxmaqdır. Özü də cərimələr yalnız maska taxmamağa görə deyil, karantin rejimini pozanlar, qaydalara riayət etməyənlər üçün də artırılıb. Məqsəd vətəndaşların bu məsələdə məsuliyyətini artırmaqdır”, - deyə Musa Quliyev bildirib.

Deputat əlavə edib ki, təkcə cərimələri artırmaqla iş bitməməlidir. İnsanlar arasında maarifləndirmə işi aparılmalı, yeni yanaşma üsulları tətbiq olunmalıdır: “Hər dəfə eyni şeyi demək effekt vermir. Yeni yanaşma üsulları ortaya qoyulmalıdır. Bizim də təkliflərimiz var, Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərmişik. Operativ Qərargah da operativ olmalıdır. Adı Operativ Qərargahdır amma son günlər fəaliyyətində lənglik, süstlük sezilir. Bütün qərarlar buradan verilməlidir. Təkliflər incələnməlidir. Yəni, hərə bir təklif verəndə hərcməclik yaranır. Epidemiya şəraiti fövəqladə vəziyyətə bərabər siruasiyadır. İdarəetmə bir mərkəzdən olmalıdır”.

Karantin rejiminin uzadılmasına gəlincə, Musa Quliyev qeyd edib ki, əgər effekt varsa uzadılmalıdır. “Karantindir amma yenə də küçələr, marketlər, metro, ictimai nəqliyyat adamla doludur. Bunun efekti olmayacaqsa, uzatmağın nə mənası var? Effektivdirsə, əlbəttə uzadılmalıdır. 

Ümumiyyətlə, hesab edirəm ki, burada əsas diqqət effektivliyə yetirilməlidir. Hətta fikrimcə, cərimələrə də ehtiyac yoxdur. Qaydaları pozanlar cəza kimi koronavirus infeksiyasına yoluxanların müalicə aldığı xəstəxanalarda qeyri-tibbi işlərə cəlb olunsa daha yaxşı olar. Həm bir xeyri dəyər, həm də artıq öz gözləri ilə təhlükənin hansı həddə olduğunu görüb qaydaları pozmaqla nə qədər günaha batdığını anlamış olar”, - deyə deputat vurğulayıb.

 

Oxşar xəbərlər