Əməkhaqqının tərkibinə yalnız maaş, əlavə və mükafatlar daxildir, yoxsa ixtisara görə verilən müavinət və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da bu anlayışa aiddir? Əmək Məcəlləsinin 154-cü və 157-ci maddələri arasındakı fərqə aydınlıq gətirilib.
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı açıqlamada əməkhaqqının hüquqi mahiyyəti izah olunub.
Bildirilib ki, Əmək Məcəlləsinin 154-cü maddəsində əməkhaqqı işçinin müəyyən edilmiş iş vaxtı ərzində yerinə yetirdiyi əmək funksiyasına görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələr, mükafatlar və digər ödənişlərin məcmusu kimi müəyyənləşdirilib. Online shopping Azərbaycan
Bəzi mütəxəssislər bu maddədəki “digər ödənclər” ifadəsini əsas götürərək ixtisara görə verilən müavinətlərin, təminatların və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyaların da əməkhaqqının tərkibinə daxil olduğunu düşünürlər.
Lakin Əmək Məcəlləsinin 157-ci maddəsində əməkhaqqının tərkibi daha konkret müəyyən edilib. Həmin maddəyə əsasən, əməkhaqqına aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Qeyd olunub ki, tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavələr isə əmək şəraiti ilə əlaqədar əvəzödəmə və ya həvəsləndirmə məqsədilə verilən əlavə ödənişlərdir. Mükafatlar da işçinin əməyinin kəmiyyət və keyfiyyətini yüksəltmək məqsədilə nəzərdə tutulan həvəsləndirici pul vəsaitləridir.
İzahda vurğulanıb ki, 154-cü və 157-ci maddələr arasında ziddiyyət yoxdur. Belə ki, 154-cü maddə əməkhaqqı anlayışını, 157-ci maddə isə onun tərkibini müəyyən edir.
Bu yanaşmaya görə, ixtisara görə verilən müavinət və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya işçinin konkret iş dövründə gördüyü işə görə aldığı əməkhaqqı deyil, ona ödənilən təminat və kompensasiya xarakterli vəsaitlərdir.
Məsələn, işçi 1 noyabr 2026-cı il tarixində işdən azad edildikdə ona oktyabr ayı üzrə 1 000 manat əməkhaqqı, ixtisara görə 2 000 manat müavinət və istifadə edilməmiş məzuniyyətə görə 500 manat kompensasiya ödənilməlidir.
Bu halda 1 000 manat oktyabr ayında görülmüş işə görə ödənildiyindən əməkhaqqı hesab olunur. İxtisara görə verilən 2 000 manat isə işçinin həmin ay yerinə yetirdiyi əmək funksiyasının qarşılığı deyil, təminat xarakterli ödənişdir. Eyni qaydada, 500 manat məzuniyyət kompensasiyası da əməkhaqqı deyil, kompensasiya xarakterli ödənişdir.
Beləliklə, izahda qeyd olunur ki, əməkhaqqının tərkibi müəyyən edilərkən işçinin gördüyü işə görə aldığı ödənişlərlə ona verilən digər təminat və kompensasiyalar fərqləndirilməlidir.
Aytac Əliyeva
Telegram kanalımız