Maliyyə qaydalarını pozmaqda ittiham olunan "Mançester Siti" ilə bağlı davam edən məhkəmə prosesləri ingilis futbolunda böyük həyəcan yaradıb. Əgər Müstəqil Komissiya "şəhərlilər"i təqsirli bilib son illərdə qazanılan çempionluq titullarını ləğv edərsə, bu kubokların hansı klublara təqdim olunacağı əsas müzakirə mövzusuna çevrilib.
“Yeni Sabah” xəbər verir ki, Premyer Liqanın nizamnaməsinə əsasən, belə bir halda titulların avtomatik olaraq ikinci yeri tutan komandalara veriləcəyi ilə bağlı dəqiq bir mexanizm yoxdur. Mütəxəssislər hadisələrin iki əsas ssenari üzrə inkişaf edə biləcəyini vurğulayırlar.
Birinci ssenariyə əsasən, çempionluqlar müvafiq mövsümlərdə ikinci yeri tutan klublara həvalə edilə bilər. İttihamların əsasən 2009/10–2017/18 mövsümlərini əhatə etdiyini nəzərə alsaq, cəza tətbiq olunacağı təqdirdə "Mançester Yunayted" iki (2011/12 və 2017/18), "Liverpul" isə bir (2013/14) yeni çempionluq qazana bilər. Qərarın sonrakı mövsümlərə də şamil ediləcəyi təqdirdə isə "Arsenal" da bu siyahıya daxil olmaq imkanı əldə edəcək. Pepperoni pizza
Bununla belə, futbol tarixindəki oxşar presedentlər ikinci ssenarinin — titulların ümumiyyətlə heç kimə verilməməsi ehtimalının daha yüksək olduğunu göstərir. Bu məsələdə en böyük tarixi nümunə İtaliyadakı məşhur "Calciopoli" skandalıdır. 2006-cı ildə İtaliya futbolunu sarsıdan danışılmış oyunlar və hakim təyinatlarına müdaxilə qalmaqalı zamanı "Yuventus"un iki mövsümlük çempionluğu əlindən alınmışdı. O zaman İtaliya Futbol Federasiyası 2004/05 mövsümünün titulunu rəsmi olaraq heç bir kluba verməyərək mövsümü çempionsuz elan etmiş, 2005/06 mövsümünün çempionluğunu isə cəzalardan təmiz çıxan "İnter"ə həvalə etmişdi.
Mütəxəssislərin fikrincə, İngiltərə Premyer Liqasının rəhbərliyi də hüquqi mübahisələrin və klublararası gərginliyin qarşısını almaq üçün "Calciopoli"nin 2004/05 mövsümü modelinə üstünlük verə bilər. Yəni "Mançester Siti"nin adı çempionlar siyahısından silinər, lakin titullar geriyə dönük olaraq digər komandalara verilməz. Qərarın tam olaraq necə olacağı müstəqil tribunalın yekun hökmündən sonra bəlli olacaq.
Nazim Hacıyev
Telegram kanalımız