“Vətəndaşın unutduğu pul bankın qazancı demək deyil. Vətəndaşın maliyyə savadsızlığı və hesablarına nəzarət etməməsi bank üçün gəlir mənbəyinə, özü üçün isə gözlənilməz depozit və ya kredit qalıq tarixçəsi probleminə çevrilməməlidir”.
Bu fikirləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Bella Bəşirova bildirib.
Onun sözlərinə görə, bank sistemində uzun müddət hərəkətsiz qalan hesablardakı kiçik məbləğlər (əməkhaqqı kartları, elektron pul kisələri və s.) yalnız texniki detal deyil, maliyyə şəffaflığı və istehlakçı hüquqları baxımından mühüm məsələdir: Sərfəli qiymətə məhsullar
“Bankların kredit gecikmələrində ən kiçik qəpiyə belə faiz hesablayıb tələb etdiyi halda, vətəndaşın şəxsi qalığını xatırlatmaması, əksinə, xidmət haqları hesablayaraq hesabı borca (mənfi balansa) salması iqtisadi ədalət prinsipinə ziddir. İstər 5, istərsə də 500 manat olsun, məbləğin azlığı vətəndaşın mülkiyyət hüququnu aradan qaldırmır. Hərəkətsiz vəsaitlər bankın gəliri kimi deyil, ayrıca qorunan uçot mexanizmində saxlanılmalı və bu pulların ümumi həcmi ilə bağlı rəsmi, şəffaf statistika açıqlanmalıdır”.
Ekspert qeyd edib ki, digər ciddi problem istifadə edilməyən kartlara hesablanan illik xidmət haqqı və SMS komissiyaları nəticəsində vətəndaşın xəbəri olmadan borcun yaranmasıdır:
“Bu cür kiçik texniki borclar avtomatik olaraq kredit bürosuna ötürülməməli, vətəndaşın kredit tarixçəsini zədələyərək onun gələcəkdə mənzil, avtomobil və ya biznes krediti almasına mane olmamalıdır. Banklar bu halları daxili hesablaşma kimi tənzimləməli və müştərini vaxtında məlumatlandırmalıdır.
Mövcud vəziyyəti tənzimləmək üçün vahid rəqəmsal məlumatlandırma platforması yaradılmalı, hər bir vətəndaş bütün aktiv və hərəkətsiz hesablarını bir yerdən görə bilməlidir. Eyni zamanda, hərəkətsiz hesablardan əsassız xidmət haqlarının tutulması dayandırılmalı, vəfat etmiş şəxslərin bank hesabları və elektron pul kisələrindəki vəsaitlərin (“rəqəmsal miras”) varislər tərəfindən aşkarlanması və alınması prosedurları sadələşdirilməlidir.
Vətəndaşlar da öz növbəsində ildə ən azı bir dəfə hesablarını və qanunvericiliklə nəzərdə tutulmuş ödənişsiz kredit hesabatlarını yoxlamalıdırlar. Müasir bankçılıq və rəqəmsallaşma vətəndaşın məlumatsızlığından qazanc əldə etməyə deyil, onun həyatını asanlaşdırmağa və hüquqlarını qorumağa xidmət etməlidir; çünki vətəndaşın bankda unutduğu 10 manat da məhz onun öz puludur”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız