Azərbaycanda daxili yanma mühərrikli (DYM) minik avtomobilləri mərhələli şəkildə istismardan çıxarılacaq. Bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, 2035-ci ilədək DYM donanmasının ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə onların tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.
2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması planlaşdırılıb.
Görəsən, sözügedən məsələ DYM avtomobillərinin ucuzlaşmasına səbəb ola bilərmi? pizza hut
"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, 2035-ci ilə qədər avtomobillər baza sistem olaraq dəyişilməlidir, onların alıcılıq, yəni idarəetmə kateqoriyasına uyğun olaraq müddət təyin olunmalıdır.
O qeyd edib ki, daxili yanma mühərriki ilə hərəkət edən avtomobillərin faiz nisbəti digər maşınlardan yüksək fərqlə çoxdur:
"Bu gün nəqliyyat vasitələrinin idarə olunmasında və yanacaq baza sisteminin təmin olunmasında benzin, dizel mühərrikli nəqliyyat vasitələrinin sayı daha çoxdur. Digər nəqliyyat vasitələri özlərini doğruldacaq və daha kütləvi olacaq həddə deyil. Birinci növbədə bahadır, yəni maddi cəhətdən hər kəs üçün əlçatan deyil. İkinci növbədə də onların cəmiyyətə nə fayda verəcəyi ilə bağlıdır. Yəni avtomobildir, dizellə və ya benzinlə işləyir. Amma başqa avtomobildən nə fərqi var? Sual da əslində bunu ehtiva edir. Bu, özlüyündə avtomobillərin baza sisteminə, ümumi yanaşmasına təsir edir. Adi vətəndaşın, sahibkarın marağında isə bu deyil. Onun üçün əsas məsələ nəqliyyat vasitəsinin olması, gedib-gəlməsi, hərəkət etməsi, istədiyini alıb-satmasıdır. İnsan düşünmür ki, digər nəqliyyat vasitələrinin istehsalı necədir və bu proses ona necə təsir edəcək. Onu daha çox "mənim üçün nə dəyişəcək" sualı maraqlandırır".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə vurğulayıb ki, sözügedən prosesə artıq digər dünya dövlətlərində start verilib.
O bildirib ki, Azərbaycan da dünyanın bir parçası olduğuna görə bu işlərə qoşulub:
"Təxminən 2-3 il əvvəl Avropa ölkələrinin bir çoxu qərar qəbul etdi ki, 2035-ci ilə qədər karbon emissiyalarını azaltmaq üçün benzin və dizel mühərrikli avtomobillərdən imtina edilsin. Sonradan müəyyən dəyişikliklər oldu. Özləri də baxıb gördülər ki, praktiki olaraq bunu həmin müddətə qədər həyata keçirmək real deyil. Bir çox avtomobil istehsalçıları buna etiraz etdi. Hətta istehlakçıların da müəyyən hissəsi bu qərara birmənalı yanaşmadı. Ona görə də müəyyən dəyişikliklərə gedildi. İndi Azərbaycanda da belə bir qərar qəbul edilib. Sənədə diqqətlə baxsaq, görürük ki, ümumilikdə 2035-ci ilə qədər bir plan hazırlanmalı və qərar verilməlidir ki, 2060-cı ildə avtomobil parkını tam elektrik mühərrikli avtomobillərə necə keçirə bilərik. Bunun üçün Maliyyə Nazirliyinə Baş nazir tərəfindən tapşırıq verilib. Bu tapşırığa əsasən plan hazırlanmalıdır ki, dövlət stimullaşdırıcı addımlar atsın və avtomobil sahibləri öz benzin, dizel və qazla işləyən maşınlarını tədricən elektrik avtomobillərinə keçirsinlər. Bu gün dünyada elektrik avtomobillərinə münasibət tam birmənalı deyil. Bəziləri özünü doğruldur, bəziləri isə doğrultmur və müəyyən fəsadlar ortaya çıxır. Elektrik batareyalarının utilizasiyası da açıq məsələ olaraq qalır. Litium batareyalar təhlükəli maddədir. Onlar necə utilizasiya olunmalıdır? Bunun üçün xüsusi utilizasiya poliqonları varmı? Bu kimi açıq suallar var və onların cavabı tapılmalıdır".
Ekspert əlavə edib ki, dünyada elektrik avtomobillərinə münasibət tamamilə dəyişməlidir:
"Elektrikli avtomobillər yalnız Çin modeli yox, digər ölkələrin istehsalı da əlçatan olmalıdır. Hazırda bir çox ölkələrdə əhalinin gəlirlərinə uyğun olaraq daha çox Çində istehsal olunan elektrik avtomobilləri alınır. Bəs bunlar özünü tam doğruldurmu? Xeyr. Çin özü belə hələlik bunun tam cavabını verə bilmir. Belə olan halda bütün avtomobil seqmentini Çinin üzərində fokuslamaq düzgün deyil. Qiyməti əlçatandır deyə hamı onu alırsa, bunun sonrakı fəsadları nə ola bilər? O baxımdan burada məsələlər ətraflı araşdırılmalı, təhlil edilməli və incə məqamlar müəyyənləşdirilməlidir ki, hansı həssas nöqtələr var, onlara uyğun addımlar atılsın. İndiki halda avtomobil dilerləri, alverçilər istəyəcəklər ki, qiymətləri aşağı salsınlar. İnsanları qorxudacaqlar ki, 2035-ci ilə qədər maşınlar dəyərini itirəcək. Əslində isə elə bir şey yoxdur. Bu proses 2060-cı ilə qədər gedəcək. O müddətə qədər də 2050-ci ildə öz avtomobili olan şəxs, hansı avtomobilə sahib olmasından asılı olmayaraq, benzin və ya dizellə işləyən avtomobilini rahat şəkildə idarə edə bilər".
E.Muradlı əlavə edib ki, dövlət stimullaşdırıcı addımlar atdıqca, tədricən elektrik avtomobillərinə keçmək olar:
"Bununla bağlı infrastruktur qurulmayıb. Artıq 5-6 ildir bu barədə danışırıq. Bu müddətdə bütün ölkə üzrə elektrik avtomobillərinin şarj edilməsi üçün sistem qurulmayıb. Bölgələrdə vəziyyət ürəkaçan deyil. Yaxın 6-9 il ərzində bunun dəyişəcəyini bilmirəm. Belə yanaşma olsa, insanlar da könüllü şəkildə köhnə avtomobillərdən imtina edə bilərlər. Burada əsas hədəf avtomobil parkını yeniləmək, çirklənmənin qarşısını almaq və nəqliyyat təhlükəsizliyini gücləndirməkdir".
Telegram kanalımız