Müğənni Mehin Hümbətovanın sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb oldu. İfaçı ötən gün yayımladığı videoda ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulduğunu açıqladı.
"Ölkədən çıxışıma stop qoyulub. Amma yaxın zamanda bu problem həll olunacaq. Məsələ həll olunandan sonra səbəbini də açıqlayacağam", – deyə sənətçi bildirib.
Mehin Hümbətova çıxış qadağasının hansı səbəbdən tətbiq edildiyini açıqlamayıb. pizza mizza
Bəs ümumiyyətlə, Azərbaycanda vətəndaşın ölkədən çıxışına hansı hallarda "stop" qoyula bilər?
Azərbaycan qanunvericiliyinə əsasən, ölkədən çıxış hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda və səlahiyyətli dövlət orqanlarının qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Belə məhdudiyyətlər ən çox aşağıdakı hallarda tətbiq olunur:
Məhkəmə qərarının icrasından yayınan və ya icra məmurunun icraatında borcu olan şəxslərə
Aliment, kredit, vergi və digər maliyyə öhdəlikləri ilə bağlı icra sənədləri olduqda
Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs barəsində istintaq orqanı və ya məhkəmənin qərarı olduqda
Bəzi hallarda inzibati və ya mülki məhkəmə çəkişmələri zamanı məhkəmənin xüsusi qərarı ilə
Dövlət təhlükəsizliyi və qanunvericilikdə nəzərdə tutulan digər xüsusi əsaslar mövcud olduqda.
Son illər ölkədən çıxışa qadağa qoyulan şəxslərin bir hissəsi borclarını ödədikdən və ya icra sənədləri bağlandıqdan sonra həmin məhdudiyyət aradan qaldırılıb. Bu səbəbdən "stop" qərarı həmişə daimi xarakter daşımır və hüquqi əsas aradan qalxdıqda dərhal ləğv edilir.
“Yeni Sabah” xəbər verir ki, Mehin Hümbətovanın restoran biznesi ilə məşğul olduğu məlumdur. Restoran fərdi sahibkarın və ya şirkət rəhbərinin adına rəsmiləşdirilibsə və həmin fəaliyyətlə bağlı hüquqi öhdəliklər yaranıbsa, müəyyən hallarda dolayısı ilə belə məhdudiyyət tətbiq oluna bilər.
Məsələn, restoranın sahibi və ya rəhbəri barəsində icra icraatı aparılırsa, vergi və ya digər dövlət öhdəlikləri ilə bağlı qanuni qərar qəbul edilibsə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar məhkəmə mübahisəsi və icra sənədi mövcuddursa, cinayət işi və ya istintaq çərçivəsində ölkədən çıxışın məhdudlaşdırılması barədə qərar verilibsə.
Sosial şəbəkələrdə Mehin Hümbətovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin restoran biznesi ilə bağlı ola biləcəyi barədə müxtəlif ehtimallar səsləndirilir. Hətta bəzi paylaşımlarda bunun vergi öhdəlikləri ilə əlaqəli olduğu iddia edilsə də, ifaçı özü səbəbi açıqlamayıb və yalnız problemin yaxın vaxtlarda həll ediləcəyini bildirib.
Onun sözlərinə görə, məsələ həll olunduqdan sonra qadağanın səbəbi ictimaiyyətə açıqlanacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız