15 sentyabrda Bakıda məktəblər açılır və uşaqlar yenidən kollektiv mühitdə bir araya gələcək. Bu dövrdə infeksiyaların yayılma riski də artır. Xüsusilə payız aylarında uşaqlar arasında müxtəlif mövsümi xəstəliklərə daha çox rast gəlinə bilər.
Bəs valideynlər nələrə diqqət etməlidirlər?
Həkim-infeksionist Ləman Qalimova “Yeni Sabah”a açıqlamasında bildirib ki, məktəblərin açılması uşaqlar arasında infeksiyaların yayılmasını artıra bilər: Sezar pizza
“15 sentyabrdan uşaqların bir araya gəlməsi ilə infeksion xəstəliklərin yayılma dövrü də başlayır. Buna görə valideynlər diqqətli olmalıdırlar. Əgər uşaqda hər hansı infeksion xəstəliyin əlamətləri – temperaturun yüksəlməsi, öskürək, halsızlıq və digər şikayətlər varsa, kəskin simptomlar keçənə qədər, xüsusilə temperatur düşənədək uşağın evdə saxlanılması məsləhətdir. Xəstəliyin başladığı gündən etibarən ən azı 3-4 gün uşağın evdə qalması infeksiyanın digər uşaqlara yayılmasının qarşısını almağa kömək edə bilər.

Sağlam uşaqlara da gigiyena qaydaları izah edilməlidir. Valideynlər uşaqlara əlləri ilə müxtəlif səthlərə toxunduqdan sonra mütləq əllərini yumağı, əllərini ağızlarına vurmamağı öyrətməlidirlər. Həmçinin asqırarkən və ya öskürərkən ağız və burunlarını əlləri ilə deyil, dirsək bükümü ilə örtmələri, bir-birlərinin üzünə asqırmamaqları başa salınmalıdır.
Bundan başqa, peyvəndlər də çox vacibdir. Valideynlər uşaqların peyvəndlərini vaxtında etdirməlidirlər ki, kollektiv mühitə daxil olduqda həmin infeksiyalara qarşı qoruyuculuqları olsun”.
Pediatr Elşən Tağıyev isə saytımıza açıqlamasında bildirib ki, məktəblərin açılması uşaqlar üçün həm infeksiyalar, həm də yeni rejimə uyğunlaşma baxımından vacib dövrdür:
“15 sentyabrla Bakıda məktəblər yenidən fəaliyyətə başlayır və minlərlə uşaq kollektiv mühitə qayıdır. Bu keçid dövrü təkcə tənəffüs yollarının infeksiyaları ilə deyil, daha geniş spektrli sağlamlıq məsələləri ilə də müşayiət olunur. Kollektiv mühit, rejim dəyişikliyi və artan fiziki-emosional yük, bunların hamısı birlikdə uşaq orqanizminə təsir göstərir.
Payız aylarında ən çox rast gəlinən problem hələ də virus mənşəli tənəffüs infeksiyalarıdır, bunlar kollektiv mühitdə damcı yolu ilə asanlıqla yayılır. Öskürək, burun axması, boğaz ağrısı və hərarət ən tipik əlamətlərdir. Əksəriyyəti yüngül keçir və xüsusi müalicə tələb etmir, lakin əlamətlər uzanarsa və ya ağırlaşarsa, həkim müayinəsi lazımdır.
Uşaq kollektivlərində rotavirus və digər virus mənşəli mədə-bağırsaq infeksiyaları da mövsümi olaraq artır. Qusma, ishal, qarın ağrısı və iştahsızlıq bu qrupun əsas əlamətləridir. Bu zaman ən böyük risk susuzlaşmadır, ona görə maye qəbulunun davam etməsi vacibdir”.

Elşən Tağıyev qeyd edib ki, məktəblərdə baş biti və dəri infeksiyalarının yayılmasına da rast gəlinir və buna görə uşaqlar vaxtında yoxlanılmalıdır:
“Kollektiv mühitdə bədən bitləri (baş bitləri) və müxtəlif dəri infeksiyaları da tez-tez rast gəlinən problemlərdəndir. Bunlar həyati təhlükə daşımasa da, sürətlə yayılma qabiliyyətinə görə erkən aşkarlanması vacibdir. Baş dərisində qaşınma şikayəti olan uşaqlarda bu, nəzərdən qaçırılmamalıdır.
Konyunktivit (adətən "gözün qızarması" kimi tanınan vəziyyət) da kollektiv mühitdə asanlıqla yoluxan problemlərdəndir. Gözdə qızarma, sulanma və ya ifrazat müşahidə olunarsa, uşağın gözlərinə toxunmaması və əllərini tez-tez yumasının öyrədilməsi yayılmanın qarşısını almaqda kömək edir”.
Pediatr deyib ki, uşağın məktəbə və yeni rejimə psixoloji baxımdan alışması da vacibdir:
“Tez-tez unudulan, lakin əhəmiyyətli bir məsələ də uşağın yeni rejimə psixoloji uyğunlaşmasıdır. Xüsusilə ilk dəfə məktəbə gedən və ya sinif dəyişən uşaqlarda yuxu pozğunluqları, iştahsızlıq, əsəbilik və ya qarın ağrısı şəklində özünü göstərən stress reaksiyaları müşahidə oluna bilər. Bu əlamətlər həmişə fiziki xəstəlik mənşəli olmaya bilər, amma diqqətdən kənar qalmamalıdır.
Fasilələrdə, idman dərslərində və oyun zamanı baş verən yıxılma və xəsarətlər də məktəb dönəminin qaçılmaz reallığıdır. Valideynlərin uşağa təhlükəsiz oyun davranışı barədə əvvəlcədən danışması faydalıdır.
Əl gigiyenası, kifayət qədər yuxu, tarazlı qidalanma və mövsümi peyvəndlərin vaxtında edilməsi bu problemlərin əksəriyyətinin qarşısını almaqda əsas rol oynayır. Simptomlar zamanı uşağın evdə qalması, tam sağalana qədər kollektivə qayıtmaması isə yayılmanın qarşısını alan ən effektiv tədbirdir.
Məktəb dönəmi sağlamlıq baxımından çoxşaxəli diqqət tələb edir. Bu, təkcə soyuqdəymədən ibarət deyil, orqanizmin və psixikanın bütövlükdə yeni ritmə uyğunlaşması prosesidir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız