Almaniyanın Münster şəhərindəki Vilhelm adına Vestfaliya Universitetinin psixoloqu Mitya Bakın rəhbərlik etdiyi komanda narsisizmə meyilin qismən genetika ilə bağlı olduğunu aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə "RuNews24.ru" nəşri məlumat yayıb.
Alimlər tədqiqat çərçivəsində eyni və müxtəlif yumurta əkizləri, həmçinin onların qohumları da daxil olmaqla, ümumilikdə 6 715 nəfərin məlumatlarını analiz ediblər. Məlum olub ki, genetik kodları demək olar ki, eyni olan biryumurtalı əkizlər, müxtəlif yumurtalı əkizlərə nisbətən daha çox bənzər narsisizm səviyyəsi nümayiş etdirirlər. Bu fakt xarakterin sözügedən xüsusiyyətinin irsi təbiətə malik olması lehinə əsas arqument hesab edilib.
Tədqiqat nəticəsində fərqlərin yerdə qalan təxminən 50%-nin ailə tərbiyəsi ilə birbaşa əlaqəsi olmayan fərdi təcrübələrin təsiri ilə formalaşdığı məlum olub. Maraqlıdır ki, narsisizmin valideynlər tərəfindən həddindən artıq qoruma və ya əksinə, diqqətsizlik səbəbindən yaranması barədə geniş yayılmış təsəvvürlər öz təsdiqini tapmayıb.
Alimlərin fikrincə, ailədənkənar amillər - cəmiyyətdəki status, həmyaşıdlarla münasibətlər, peşəkar mühit və müxtəlif həyat hadisələri daha çox əhəmiyyət kəsb edir. Bundan əlavə, tədqiqatçılar "assortativ tərəfdaş seçimi" fenomenini də qeydə alıblar: bariz narsisist xüsusiyyətlərə malik insanlar daha çox özlərinə bənzəyən şəxslərlə münasibət qururlar. Bu isə gələcək nəsillərdə müvafiq meyillərin daha da güclənməsinə səbəb ola bilər.
Telegram kanalımız