2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 569,6 milyon manat təşkil edib ki, bu da proqnozu 1 163,5 milyon manat və ya 3,6 faiz üstələyib. Hesabat dövründə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 110 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
“Yeni Sabah” xəbər verir ki, büdcə gəlirlərinin 16 065,2 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin olunub və proqnozdan 1 274,2 milyon manat (8,6%) çox icra edilib. Dövlət Neft Fondundan transfert 10 697,0 milyon manat olmaqla proqnoza qarşı 100 faiz yerinə yetirilib. Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 613,5 milyon manat (proqnozdan 1,5 mln. manat və ya 0,03% çox), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606,1 milyon manat (proqnozun 72,4%-i), sair daxilolmalar 540,0 milyon manat (proqnozdan 106,8 mln. manat və ya 24,6% çox), Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar isə 47,7 milyon manat (proqnozdan 11,8 mln. manat və ya 33,0% çox) təşkil edib.
Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 040,8 milyon manat və ya 3,8 faiz artaraq 28 761,4 milyon manat məbləğində icra olunub. Nəticədə 10 ayın yekununda dövlət büdcəsində 4 808,2 milyon manat profisit yaranıb. Eyni dövrdə icmal büdcənin gəlirləri 41 952,0 milyon manat, xərcləri isə 34 082,4 milyon manat səviyyəsində icra edilib. İnternet mağaza
Cəlalə Cəlalqızı
Telegram kanalımız