Oktyabrın 28-də məktəbdə azyaşlı şagirdin ölümü ilə bağlı çəkiliş zamanı jurnalistlərin döyülməsi cəmiyyətdə müzakirələrə səbəb olub.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyinin rəsmi qəzeti olan "Azərbaycan müəllimi"nin paylaşımında zorakılığın jurnalistə qarşı tətbiqini haqlı saymadığı qeyd edilsə də, tənqidin əsas hissəsi operatorun davranışına yönəlib.
Belə həssas hadisədə jurnalistlərin təhlükəsizliyinə və onlara qarşı zorakılığın yolverilməzliyinə daha aydın münasibət gözlənilirdi. Sezar pizza
Paylaşımda hadisə şahidlərinin sözlərinə istinadla bildirilir ki, televiziya operatorundan azyaşlı şagirdlərdən müsahibə almamaq, onların psixoloji vəziyyətini nəzərə almaq dəfələrlə xahiş edilib. İddialara görə, müraciətlərə baxmayaraq çəkiliş davam etdirilib, həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülər lentə alınıb. Bu davranışların hadisə yerində narazılıq və gərginlik yaratdığı vurğulanıb.

Məktəblilərə belə bir faciədən sonra hansı suallar verilə bilərdi? Onların bəziləri bəlkə də ilk dəfə bu qədər ağır hadisə ilə üzləşib. Psixoloji sarsıntı yaşayan uşaqlardan müsahibə almağa çalışmaq jurnalistikanın peşə prinsipləri ilə nə dərəcədə uzlaşır?
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlamasında uşaqların anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyini bildirib. İdarə belə hadisələr zamanı şagirdlərlə müsahibə aparılmamasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək davranışlardan çəkinməyə çağırıb.
Azyaşlıların həssaslığını nəzərə almaq vacibdir. Bununla yanaşı, çəkiliş zamanı jurnalistlərə qarşı fiziki zorakılıq da yolverilməzdir. Hadisəni yalnız operatorun davranışı üzərindən müzakirə etmək və jurnalistlərin döyülməsinə lazımi diqqət ayırmamaq məsələnin digər tərəfini kölgədə qoyur.
Jurnalistlərin hüquqları olduğu kimi, faciə yaşamış uşaqların və ailələrin də hüquqları var. Mətbuat azadlığı azyaşlıların psixoloji təhlükəsizliyini və insanların şəxsi həyatını nəzərə almamaq demək deyil. Peşəkar jurnalistika həm nəyi çəkməyi, həm də hansı məqamda çəkilişi dayandırmağı bilməyi tələb edir.
Mətbuat Şurasının keçmiş sədri Rəşad Məcid də bu məsələdə "Azərbaycan müəllimi"nin mövqeyinə haqq qazandırıb. O, mövqeyinə görə tənqid olunub.
Telegram kanalımız