Müştərilərin şikayətləri ilə diqqət mərkəzinə düşən “Aid-Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad gündüz çıraqla axtarılır.
Şirkət artıq fəaliyyətini dayandırdığını bildirib və bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Elanda fəaliyyətin müvəqqəti dayandırıldığı, iş prosesi bərpa olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub. İnternet mağaza
Şikayətçilərin iddiaları və şirkətin fəaliyyətini dayandırması fonunda hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı araşdırma aparıb-aparmadığı hələlik məlum deyil.
“Yeni Sabah” xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarında bununla bağlı hər hansı iş aparılmır. Çünki sözügedən mövzu mülki məsələdir və bu hüquq-mühafizə orqanlarına aid deyil.
Xatırladaq ki, son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda “Aid-Group”la bağlı çoxsaylı şikayətlər yayılıb.
Vətəndaşlar xaricdə təhsil proqramları üçün şirkətə minlərlə manat ödəniş etdiklərini, lakin vəd olunan xidmətləri ala bilmədiklərini iddia edirlər. Onların sözlərinə görə, müqavilə öhdəlikləri yerinə yetirilməyib, şirkətlə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb.
Bununla yanaşı, “AID Group”un daxil olduğu “AID Language Center” MMC ilə bağlı maliyyə məlumatları da diqqəti cəlb edib. Hazırda “passiv” statusda olan şirkətin dövlətə 3 277 manat vergi borcu var.
Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2, mənzil 44 göstərilir.
Şirkətin qanuni təmsilçisi isə aparıcı Nigar Fərhadın anası Arzu Hidayət qızı Əliyevadır.
N.Fərhadın hazırda harada olduğu bilinmir. O nə telefon zənglərinə cavab verir, nə də mövzuya dair bəyanat yayır.
Xatırladaq ki, aparıcının qızı ABŞ-də təhsil alır.
Aydan Hacı
Telegram kanalımız