Gəncədə 84 yaşlı kişi itkin düşüb.
Astara rayonunun Kakalos kənd sakini Mirzəcan Hüseynov noyabrın 8-də ailə üzvləri ilə birlikdə Gəncədə yerləşən hərbi hissələrdən birində xidmət edən nəvəsinin andiçmə mərasimində iştirak etmək üçün şəhərə gəlib. Mərasimdən sonra ailə üzvləri 84 yaşlı kişini tapa bilməyiblər.
Həmin gündən etibarən doğmaları Gəncədə qalaraq Mirzəcan Hüseynovun axtarışlarını davam etdirirlər. Hadisə ilə bağlı polisə də məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən şəxsin tapılması istiqamətində tədbirlər görürlər. ShopByBro
İtkin düşən şəxsin oğlu Eldəniz Hüseynov hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
"Uşağın andiçmə mərasimi noyabrın 8-də idi. Atam da bizimlə birlikdə gəlmişdi. Şəkil çəkdirdik, yemək yedik. Sonra onun üçün çay süzüb vermək istədim. Arxaya baxanda gördüm ki, atam yoxdur. Hərbi hissənin hər yerini gəzdim, amma onu tapa bilmədim. Artıq üç gündür axtarırıq, lakin tapa bilmirik. Qohumlar da narahat olub zəng edir, soruşurlar. Polislər hər yeri axtarır, müşahidə kameralarının görüntülərini yoxlayırlar", - deyə o bildirib.
Telegram kanalımız