Polis əməkdaşı uşağı güllələyə bilərmi? –  “Başqa əlac yoxdur”

Polis əməkdaşı uşağı güllələyə bilərmi? – “Başqa əlac yoxdur”

Sosial Veb saytların hazırlanması

27 Sentyabr 2022 13:40 1467


“Əgər həqiqətən də, uşaq tərəfindən real təhlükə varsa, uşaqda odlu silah varsa və uşağın silahı tətbiq etməsi realdırsa, bu zaman polis özünü müdafiə üçün adekvat tədbirlər görə bilər”. 

Bunu Yenisabah.az-a açıqlamasında vəkil Əsabəli Mustafayev bildirib. 

Mövzuya aydınlıq üçün qeyd edək ki, orta məktəblərdə uşaqlar arasında bəzən soyuq silahdan istifadə edilməklə cinayət hadisələri baş verir. Bu cür hallarda polisin davranışına dair bir çox suallar var. O cümlədən ABŞ-da məktəblilərin yaşıdlarına qarşı soyuq və odlu silahdan istifadə etməklə cinayət törətməsi təqdirində polis atəş açmaq səlahiyyətinə sahibdir. Bəs oxşar cinayət Azərbaycanda törədilərsə, qətlin, yaxud sağlamlığa ağır xəsarətin yerinə yetirilməsinin qarşısını almalı olan polis atəş aça bilərmi? 

Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, real təhlükə anında polis özünü və ətrafdakıları müdafiə məqsədi ilə bu addımı ata bilər:

“Əgər həqiqətən də, uşaq tərəfindən real təhlükə varsa, uşaqda odlu silah varsa və uşağın silahı tətbiq etməsi realdırsa, bu zaman polis özünü müdafiə üçün adekvat tədbirlər görə bilər. Çünki uşaq bilərəkdən və ya bilməyərəkdən atəş aça bilər. 

Uşaqda kəsici alət varsa, polis dəyənəkdən istifadə edərək özünü müdafiə etməlidir. Ancaq təhlükə real olmalıdır. Polisin azyaşlıya qarşı silah tətbiqindən sonra bunun nə qədər zəruri olması ilə bağlı araşdırılma aparılır. Ancaq polisin həm də özünümüdafiə hüququ var. Təkcə özünə yox, ətrafda digər bir şəxsə qarşı da təhlükə varsa, bu təhlükəni aradan qaldırmaq üçün polis tədbir görməyə borcludur. 

“Polis haqqında” Qanunda və Cinayət Məcəlləsində özünümüdafiə həddini aşmadan müdafiə olunmanın məsuliyyət yaratmadığı qeyd olunub. Polisin uşağa əsarət yetirməsi, hətta öldürməsi zəruri müdafiə həddindədirsə, o, məsuliyyətdən azad olunur. Uşağa dəyən istənilən zərərin dərəcəsindən asılı olmayaraq, əgər bu tədbir real təhlükənin qarşısını almağa yönəlmişdisə, onda polis məsuliyyət daşımır. Məsələn, uşağın əlində kəsici və ya hansısa silah qismində işlənə biləcək bir alət varsa bundan ötrü götürüb uşağı güllə ilə öldürmək, əlbəttə, adekvat sayılmayacaq. Çünki yetkinlik yaşına çatmış sıravi vətəndaş olsa, bu qəbul ediləndir ki, başqa əlac yoxdur. 

Polis əməkdaşları xüsusi hazırlıqlar keçirlər, belə anlarda şəxsə zərər yetirmədən və ya yetirərək təhlükənin zərərsizləşdirilməsi ilə bağlı xüsusi təlimlər keçirlər. Onlar hər bir hala hazırlıqlı olmalıdırlar. Əgər polis uşağın əlindəki təhlükəli əşyanı ala bilmirsə, deməli, yaxşı polis kimi fəaliyyət göstərə bilmir”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!