Prezidentə şikayət edildi, Gömrük Komitəsi video yaydı

Prezidentə şikayət edildi, Gömrük Komitəsi video yaydı
May 15, 2019
Oxunma sayı: 1464

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində müvəqqəti yaşayan Gürcüstan vətəndaşı Osmanov Binəli tərəfindən Prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. 

“Yeni Sabah” xəbər verir ki, o, öz müraciətində mayın 4-də “Sınıq körpü” Postunda Azərbaycan tərəfin gömrük işçisi Namazov Natiq Vidadi oğlunun Gürcüstandan onunla birlikdə gələn Şabanov Bəxtiyar Vidadi oğlu və özzünə məxsus olan, hər birimizə aid 5 litr çaxırın əlindən alındığını bildirib. “Həmin gün bütün Qırmızı Körpü Gömrük postu işçiləri yalnız vətəndaşların gətirdikləri çaxırları müsadirə edirdilər. Sanki hansısa məmurun oğlunun toy məclisinə tədarük görürdülər”. 

O, öz müraciətində Gürcüstan tərəfin gömrük postunun Azərbaycan tərəfə nisbətən bütün standart qaydalara əməl etdiyini vurğulayıb: “Cənab Prezident İlham Əliyev başımıza gətirilən belə xoşagəlməz hadisələrdən nəticə çıxarırırq ki, Dövlət Gömrük Komitəsində daha savadlı, peşəkar, qanunlardan xəbəri olan və Azərbaycanın digər regionlarını təmsil edən kadrların işləməsinə çox böyük ehtiyac vardır. Bir sözlə, DGK-də ciddi islahatların aparılması zəruriyyəti yaranmışdır. Sizdən çox xahiş edirəm ki, 4 may tarixində DGK-nin Qırmızı Körpü Gömrük Postunda əsassız olaraq zorakılıqla ələ keçirilmiş əmlaklarımızın geri qaytarılması barədə aidiyyatı üzrə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürümüzü bildiririk”.

Məsələ ilə bağlı DGK da açıqlama yayıb. Açıqlamada bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən gömrük sərhədini keçən şəxs güzəştli qaydada, yəni hər hansı gömrük ödənişləri həyata keçirmədən yalnız 1.5 litr alkoqollu içkini ölkə ərazisinə gətirə bilər. Həmin şəxsin gətirdiyi alkoqollu içkinin miqdarı qanunvericilikdə müəyyən olunan həddi keçdiyi üçün gömrükçülər tərəfindən akt tərtib olunaraq müvəqqəti saxlanca götürülüb.

“Bundan başqa məlumatda gömrük orqanlarına qarşı bir sıra haqsız, eyni zamanda müəllif və yayımlayan şəxslər üçün qanun qarşısında məsuliyyət yaradacaq əsassız digər iddialar da irəli sürülür.

Lakin Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, may ayının 4-də Gürcüstandan ölkə ərazisinə daxil olan Binəli Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib. Bu fakt müvəqqəti saxlanca götürülən mallarla bağlı tərtib olunan aktda da öz əksini tapıb ki, bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə Binəli Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb. Aşağıda təqdim etdiyimiz videotəsvirlərdə gömrükçülərin ona qarşı hansı "nəzakətsiz davranış"lara və "kobud rəftara" yol verdiyini də ictimaiyyətin müzakirəsinə buraxırıq.

Üstəlik gömrük xidmətinin və gömrük əməkdaşlarının qanunsuz əməllərindən bəhs edən həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib. Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində Binəli Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və sənədin arasında pul əskinasını gömrük əməkdaşına vermə cəhdi və gömrük əməkdaşının da buna qəti etirazı aydın şəkildə öz əksini tapıb”.