Azərbaycanda quru sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. Artıq 2027-ci ilin yaxınlaşmasına baxmayaraq, sərhədlərin açılması ilə bağlı konkret qərar yoxdur.
Bəs gələn il quru sərhədlərin açılması nə dərəcədə realdır? Mövcud vəziyyət bu istiqamətdə hansı gözləntiləri yaradır?
"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda quru sərhədlərin açılması məsələsi son altı ildə daim aktual olsa da, bu istiqamətdə ciddi addımlar atılmayıb. Sezar pizza
“Dünyanın bir çox ölkəsində quru sərhədlər açıq olduğu halda, Azərbaycanda bu məhdudiyyətin davam etməsi vətəndaşlar üçün ciddi çətinliklər yaradır.
Məsələnin həlli üçün mütəmadi şəkildə gündəmə gətirilməsi vacibdir. Quru sərhədlərin bağlı qalmasından ən çox əziyyət çəkən Azərbaycan vətəndaşlarıdır. Bu baxımdan, Milli Məclisin deputatları məsələyə daha çox diqqət ayırmalı, qanunverici orqanda müvafiq təkliflərlə çıxış etməlidirlər”.
C.Abbaslı qeyd edib ki, artıq 2027-ci il yaxınlaşır və quru sərhədlərin uzun müddət bağlı qalması ilə bağlı narazılıqlar davam edir. Onun fikrincə, mövcud məhdudiyyətlərin saxlanılması üçün əsaslar aydın şəkildə izah edilməli, məsələnin həlli istiqamətində addımlar atılmalıdır.
Siyasi şərhçi gələn il quru sərhədlərin açılması ehtimalını tam istisna etməsə də, hazırda bu istiqamətdə konkret irəliləyiş əlamətlərinin görünmədiyini bildirib.
O, yaxın vaxtlarda sərhədlərin açılacağına inanmadığını söyləyib. C.Abbaslının sözlərinə görə, karantin rejiminin 2027-ci il yanvarın 1-dək uzadılması bu məsələnin ilin sonuna qədər həllini çətinləşdirir.
Siyasi şərhçi hesab edir ki, quru sərhədlərin açılması ilə bağlı əsas gözləntilər gələn ilin yanvar ayından sonrakı dövrə yönəlir. Onun fikrincə, karantin rejiminin növbəti dəfə uzadılmaması halında sərhədlərin açılması məsələsi yenidən gündəmə gələ bilər.
Bununla belə, C.Abbaslı karantin rejiminin gələn il uzadılıb-uzadılmayacağı ilə bağlı indidən qəti fikir söyləməyin tez olduğunu vurğulayıb.
Telegram kanalımız