İşə gecikmək bir çox işçinin qarşılaşdığı adi hallardan biridir. Bəzən yolda yaranan sıxlıq, nəqliyyat problemi və ya gözlənilməz vəziyyət işçinin işə vaxtında çatmasına mane olur.
Bəs 5-10 dəqiqəlik gecikmə işçinin işini itirməsi ilə nəticələnə bilərmi? İşçinin hansı hallarda məsuliyyət daşıdığı, hansı hallarda isə hüquqlarının pozula biləcəyi maraq doğurur. Xüsusilə əmək müqaviləsi ilə çalışan şəxslər üçün bu məsələ ciddi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədovun fikirlərini öyrəndik. Marqarita pizza
“Yeni Sabah”a danışan ekspert bildirib ki, işə gecikmək Əmək Məcəlləsinə görə kobud pozuntu sayılmır:
“İşə gecikmək Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əmək müqaviləsi öhdəliklərinin kobud şəkildə pozulması anlamına gəlmir. Yəni gecikməyə görə işçi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmir. Yalnız gecikməyə görə həmin maddəyə əsasən əmək müqaviləsinə xitam verilməsi düzgün deyil.
Lakin işçi mütəmadi olaraq işə gecikirsə, işəgötürən bununla bağlı müəyyən intizam tədbirləri görə bilər. İlk dəfə xəbərdarlıq edə bilər. Qeyd edək ki, xəbərdarlıq intizam tənbehi hesab olunmur. Daha sonra gecikmənin işəgötürənə vurduğu zərərin ağırlığından və digər hallardan asılı olaraq işçiyə intizam tənbehi tətbiq edilə bilər. Lakin bu hal avtomatik olaraq əmək müqaviləsinə xitam verilməsi üçün əsas yaratmır”.
Onun sözlərinə görə, işçi davamlı gecikirsə, edilən xəbərdarlıqlar da nəticə vermirsə, işəgötürən onu işdən çıxara bilər:
“Əgər işçi işə gecikmə hallarını mütəmadi, ardıcıl və qəsdən təkrarlayırsa, əvvəl tətbiq olunan tədbirlər nəticə vermirsə, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Bunun üçün işçinin gecikmələrinin işəgötürənə zərər vurması, kollektivdə mənəvi-psixoloji mühitin pozulmasına və intizamsızlıq şəraitinin yaranmasına səbəb olması kimi hallar da nəzərə alına bilər”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız