Uzun illərdir ki, turizm sahəsində azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən birincisi Türkiyə olub. Buna görə də mart-aprel aylarından başlayaraq, bir sıra turizm şirkətləri artıq Türkiyədə istirahət etmək istəyənlərə bilet satışına başlayıblar.
Lakin ötən illərdən fərqli olaraq, fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra bu ölkəyə səfər edənlərin sayında kəskin azalmanın olduğu da müşahidə edilir. Turizm mütəxəssislərinin fikrincə, zəlzələ insanların gözünü qorxudub deyə, azərbaycanlılar daha fərqli ölkələrdə istirahətlərini keçirməyi planlaşdırırlar.
Hətta Türkiyə iqtisadiyyatında son illərdir davam edən devalvasiyanı da nəzərə alsaq, qiymət artımının olması həmvətənlilərimizi başqa ölkələrə səfər etməyə sövq etdirə bilər.
Turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə Yenisabah.az-a açıqlamasında təsdiqləyib ki, Türkiyə Azərbaycan üçün bir nömrəli turizm bazarı olub.
Onun sözlərinə görə, zəlzələdən müəyyən müddət keçdikdən sonra artıq insanlarda müəyyən özünəinam əmələ gəlib:
“Zəlzələdən öncə azərbaycanlılar daha çox, aktiv şəkildə Aralıq dənizi sahillərinə, xüsusən də Antalya və Bodrum şəhərlərə üz tuturdu. Bu yerlər isə zəlzələ zonası deyil”.
Ekspertin fikrincə, indiki mərhələdə turistlər ən çox İstanbuldan ayaqlarını kəsə bilər, çünki İstanbulun adı proqnozlarda çox hallanır:
“Ona görə də əvvəllər İstanbula gedənlər rotasiyalarını daha çox Antalya-Bodrum və Marmaris bölgələrinə doğru dəyişdirirlər. Çünki yaxın illərdə İstanbulda zəlzələnin olması gözlənilir. İstanbula səfər edənlərin sayında azalma mümkündür. Ümumən Türkiyənin Azərbaycana doğru turizm potensialı artdığıtək, Azərbaycanda da Türkiyə axın potensialı durmadan artır. Bu tendensiyanı unutmamalıyıq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız