Turşu, ikra, mürəbbə hazırlayıb satanlara nə olacaq? -   YENİ QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Turşu, ikra, mürəbbə hazırlayıb satanlara nə olacaq? - YENİ QƏRAR

Sosial

23 Sentyabr 2026 09:27 222


Satış məqsədilə ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxışı tənzimlənəcək və onların təhlükəsizliyinin təmin olunması üçün yeni mexanizm formalaşdırılacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, məqsəd həm ev şəraitində hazırlanan məhsulların bazara çıxışına şərait yaratmaq, həm də istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunmasını təmin etməkdir.

AQTA-nın məlumatına görə, aparılan təhlillər və statistik göstəricilər göstərir ki, 2024–2025-ci illər və 2026-cı ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiqlənmiş 241 qida zəhərlənməsi hadisəsinin 137-si məişət zəminində baş verib. Bu, ümumi hadisələrin 57 faizini təşkil edir. Dördpendirli pizza

Həmin hadisələrin 47 faizinin isə mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olduğu bildirilib. İzlənilə bilməyən bu məhsullardan baş verən qida zəhərlənmələrinin qarşısının alınması və qida təhlükəsizliyinin təmin edilməsi üçün onların bazara yerləşdirilməsi ilə bağlı tənzimləmələrə ehtiyac olduğu qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub.

Proqram çərçivəsində tədbirin 2028–2032-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Bu müddətdə həmin məhsulların bazara yerləşdirilməsi mexanizminə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi nəzərdə tutulur.

AQTA qeyd edib ki, əsas məqsədlərdən biri ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışını təmin etməklə biznes fəaliyyətinə dəstək vermək, eyni zamanda istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskini azaltmaqdır.

Agentlik əlavə edib ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi və cərimələrin tətbiqi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyəti çaşdırmağa hesablanmış yanlış məlumatlardır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!