Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Jan-Noel Baronun ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamları qətiyyətlə pisləyib.
Bu barədə "Yeni Sabah"a XİN-dən məlumat verilib.
Bildirilib ki, Jan-Noel Baronun oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”unda çıxışı zamanı Azərbaycanı əsassız iddialarla hədəf alması Fransanın ölkəmizlə münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkmədiyini göstərir. pizza
XİN qeyd edib ki, Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Həmin ərazilərdə baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək yerli əhalinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir.
Vurğulanıb ki, demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin ilk növbədə bu prinsiplərin öz ölkələrinin siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa tərəfini ölkəmizlə bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız