Yeniyetmələr niyə evdən qaçır? - “12-13 yaşlılar da sevgililəri ilə görüşmək istəyir”

saytların hazırlanması

Evə çatdırılma

Yeniyetmələr niyə evdən qaçır? - “12-13 yaşlılar da sevgililəri ilə görüşmək istəyir”

Sosial

11 Noyabr 2026 16:13 54


Son illər yeniyetmə və gənclərin, xüsusilə də qızların evdən qaçması ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Lakin evdən qaçan yeniyetmələri küçədə hansı təhlükələrin gözlədiyi heç də həmişə nəzərə alınmır. Belə hallarda onlar zorakılıq, cinsi istismar, narkotik maddələrin təsiri altına düşmək və digər ağır risklərlə üzləşə bilirlər.

Bəs uşaqları öz evlərindən qaçmağa vadar edən səbəblər nədir?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, yeniyetmələr ailədə anlaşılmazlıq, sərt qadağalar, zorakılıq və sevgi münasibətlərinə görə evdən qaçırlar: Elektronika məhsulları

“İlk olaraq onu qeyd edim ki, yeniyetmələrin evdən qaçmasının tək bir psixoloji səbəbi yoxdur. Müxtəlif amillər bu qərara təsir edə bilər. Hətta bugünkü müsahibədə evdən qaçan qızları dinləyərkən onların yaşadıqlarını və düşüncələrini nəzərə alaraq müəyyən qənaətlərə gəlmişəm. Yeniyetmə qızların evdən qaçmasının əsas səbəblərindən biri ailədaxili emosional anlaşılmazlıqdır. Bəzən valideynlərin övladlarını dinləməməsi, onların hisslərini kiçiltməsi və yaşadıqlarına əhəmiyyət verməməsi yeniyetmələrdə ciddi narazılıq yaradır. Bu zaman övlad özünü valideyninə sübut etməyə, “Məni görün, məni dinləyin” mesajını çatdırmağa çalışır.

Bəzi yeniyetmələr valideynlərinin onların üzərinə həddindən artıq gəldiyini, hər şeyə qadağa qoyduğunu düşünür. Lakin unutmamalıyıq ki, həmin valideynlər də vaxtilə sərt qadağalarla böyüdülüblər. Onlar özləri necə tərbiyə olunublarsa, bəzən fərqinə varmadan övladlarını da eyni üsulla böyütməyə çalışırlar. Nəticədə uşağın ehtiyac duyduğu sevgi və diqqət lazımi şəkildə qarşılanmır”.

A.Ələkbərova deyib ki, hətta 12-13 yaşlı yeniyetmələr də sevgililəri ilə görüşmək istəyir, valideynlərinin buna icazə verməməsi isə onları evdən qaçmağa sövq edə bilir:

“Digər tərəfdən, romantik münasibətlər və bu münasibətlər ətrafında yaranan münaqişələr də yeniyetmələrin evdən qaçmasına səbəb ola bilər. Bəzən 12-13 yaşlı yeniyetmələr belə sevgililəri ilə görüşmək istəyir, valideynlərinin buna icazə verməməsini isə onlara qarşı münasibətin göstəricisi kimi qəbul edirlər.

Psixoloq kimi müraciət edən yeniyetmələri dinləyərkən valideynlərin də öz arqumentlərini nəzərə almaq lazımdır. Bəzən valideynlər “Mən də yeniyetmə olmuşam, amma belə düşünməmişəm” deyirlər. Lakin hər nəslin böyüdüyü mühit, yaşadığı dövr və psixoloji ehtiyacları fərqlidir.

Bütün bunların arxasında ailədaxili zorakılıq da dayana bilər. Fiziki cəza, təhdid, cinsi istismar və davamlı psixoloji təzyiq yeniyetmənin evini təhlükəsiz məkan kimi qəbul etməməsinə səbəb olur. Belə hallarda uşaq üçün evdən uzaqlaşmaq yaşadığı qorxudan xilas olmaq yolu kimi görünə bilər. Bu davranışın daha dərin psixoloji səbəblərindən biri də yeniyetmənin görünmək, eşidilmək və ona güvənilməsini istəməsidir. O, evdən qaçarkən qarşılaşacağı təhlükələri və çətinlikləri hər zaman düzgün qiymətləndirə bilmir. Bəzən başqa bir insanın ona dayaq olacağına inanır. Müstəqillik və öz kimliyini axtarmaq istəyi də bu yaş dövründə ön plana keçir. Lakin müəyyən hadisələrlə qarşılaşdıqdan sonra yeniyetmələr “Mən evdən qaçdım, bəs nə qazandım?” sualı ilə üzləşə bilirlər. Bu baxımdan həm valideynlərin, həm də psixoloqların atmalı olduğu ilk addımlardan biri yeniyetmənin yanında olmaqdır. Psixoloq uşağın qarşısında valideyni günahlandıran mövqe tutmamalıdır. “Sənin bu vəziyyətə düşməyinin səbəbkarı valideynindir” kimi yanaşmalar düzgün deyil”.

Onun sözlərinə görə, əvvəlcə uşağın niyə evdən qaçdığı müəyyənləşdirilməli, onunla düzgün danışılmalı və etibarı qazanılmalıdır. Bundan sonra ailə münasibətlərini düzəltmək mümkündür:

“Təəssüf ki, bəzən yeniyetmələrə “Artıq yetkinsən, özün üçün yaşamağı seçməlisən, bu sənin həyatındır” kimi yanlış istiqamətləndirici fikirlər də səsləndirilir. Bu yanaşma yeniyetmənin öz davranışına bəraət qazandırmasına və ailədən daha da uzaqlaşmasına səbəb ola bilər.

Digər mühüm məqam ailə münasibətlərində emosional təhlükəsizliyin qiymətləndirilməsidir. İlk növbədə yeniyetmənin emosional dayanıqlığı bərpa edilməlidir. Onun hansı emosional yük altında olduğu, hansı səbəblərdən bu vəziyyətə düşdüyü müəyyənləşdirilməlidir. Yeniyetmənin yaşadıqlarını anlayışla qarşılamaq, ona empatiya göstərmək və sağlam ünsiyyət qurmaq vacibdir. Yalnız bundan sonra ailə ilə münasibətlərin bərpası istiqamətində addımlar atmaq mümkündür.

Xüsusilə qız yeniyetmələrdə sosial müqayisələr də ailədaxili münasibətlərə təsir edə bilər. Məsələn, sinif yoldaşının istədiyi yerə getməsinə icazə verildiyini görən yeniyetmə öz valideynini daha sərt, digər valideyni isə daha anlayışlı hesab edə bilər. Bu cür müqayisələr zamanla valideynə qarşı narazılığın və hətta kin hissinin artmasına gətirib çıxara bilər. Ona görə də valideynlər hər bir halda övladlarının yanında olmalı, onları dinləməli və hisslərinə hörmətlə yanaşmalıdırlar. Çox vaxt “Övladınızla dost olun” deyirik. Lakin unutmamalıyıq ki, valideynlə övlad arasındakı münasibətdə dostluqla yanaşı, valideyn məsuliyyəti də qorunmalıdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!