100 min manat Bakının hansı rayonunda neçə kvadratmetr ev almağa çatır? – ŞOK FƏRQ

saytların hazırlanması

Evə çatdırılma

100 min manat Bakının hansı rayonunda neçə kvadratmetr ev almağa çatır? – ŞOK FƏRQ

Sosial

07 Oktyabr 2026 17:04 256


Bakıda mənzil almaq istəyənlərin qarşısına çıxan ən böyük problemlərdən biri qiymətlərdir. Xüsusilə 100 min manat büdcəsi olan alıcı üçün seçimlər son aylarda xeyli daralıb.

“Yeni Sabah” xəbər verir ki, son aylarda daşınmaz əmlak bazarında qiymətlərin yüksək səviyyədə qalması 100 min manatla şəhərin mərkəzi rayonlarında mənzil almağı demək olar ki, mümkünsüz edib.

Azərbaycan Qiymətləndiricilər Palatasının 2026-cı ilin iyun ayı üzrə rayon göstəricilərinə görə, köhnə tikili mənzillərin 1 kvadratmetrinin median qiyməti Nərimanovda 3 000, Yasamalda 2 923, Nəsimidə 2 750, Binəqədidə 2 524, Sabunçuda 2 369, Xətaidə 2 333, Suraxanıda isə 1 994 manat olub. pizza

Bu qiymətlərə əsasən 100 min manatın hansı rayonda nə qədər mənzilə çatdığını hesablamaq mümkündür.

Ən bahalı seçimlər: Nərimanov, Yasamal və Nəsimi

100 min manatla ən az sahə Nərimanovda əldə olunur. Rayon üzrə köhnə tikililərdə median qiymət 3 min manat olduğu üçün bu büdcə ilə təxminən 33 kvadratmetrlik mənzil nəzəri olaraq mümkündür. Elanlarda isə vəziyyət daha sərt görünür. Məsələn, sentyabr ayında Nərimanov rayonunda 100 kvadratmetrlik yeni tikili mənzil 335 min manata, yəni kvadratmetri  3350 manata təklif olunub.

Nəsimidə də 100 min manatla geniş mənzil tapmaq çətindir. Son aylardakı elanlardan birində 100 kvadratmetrlik yeni tikili 300 min manata, başqa bir elanda isə 100 kvadratmetrlik köhnə tikili 340 min manata satışa çıxarılıb.

Yasamalda da mənzərə çox fərqli deyil. Məsələn, İnşaatçılar ərazisində 100 kvadratmetrlik yeni tikili mənzil 215 min manata təklif olunub. Yeni Yasamalda isə 45 kvadratmetrlik bir otaqlı köhnə tikilinin qiyməti 126 500 manat göstərilib. Yəni 100 min manatla bu rayonlarda alıcının əsas seçimi kiçik sahəli, köhnə tikili və ya müəyyən çatışmazlıqları olan mənzillərə doğru dəyişir.

Binəqədi, Sabunçu və Xətai – Seçim bir qədər artır

Binəqədidə 100 min manatla nəzəri olaraq təxminən 40 kvadratmetr mənzil almaq mümkündür. Elan bazarında da bu büdcəyə yaxın təkliflərə rast gəlinir. Lakin rayonun bütün hissələrində qiymətlər eyni deyil. Metroya, əsas yollara və yeni tikililərə yaxınlaşdıqca qiymət artır. Məsələn, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində 60 kvadratmetrlik yeni tikili mənzil 125 min manata təklif edilib.

Sabunçuda isə 100 min manatın imkanları daha genişdir. Rayon üzrə köhnə tikililərdə median qiymət 2 369 manatdır. Bu, nəzəri olaraq 42 kvadratmetrdən artıq sahə deməkdir.

Amma Sabunçuda xüsusilə həyət evləri bazarı vəziyyəti ciddi dəyişir. Sentyabr ayında Zabratda 90 min manata 100 kvadratmetrlik, 5 otaqlı həyət evi elan edilib. Üstəlik, həyətdə ayrıca yaşayış sahəsinin də olduğu bildirilib.

Bu, eyni 100 min manatın Bakı daxilində mənzil və həyət evi arasında nə qədər fərqli imkan yaratdığını göstərir.

Xətaidə isə rayonun hansı hissəsindən söhbət getməsi əsas məsələdir. 100 min manatla rayonun daha kənar hissələrində və köhnə tikililərdə variant tapmaq mümkündür. Məsələn, avqust ayında Həzi Aslanov ərazisində 40 kvadratmetrlik bir otaqlı mənzil 100 min manata satışa çıxarılıb.

100 min manat üçün ən geniş imkan Suraxanıdadır

Bu yeddi rayon arasında 100 min manatın ən çox sahə verdiyi ərazi Suraxanıdır. Palatanın iyun göstəricilərinə əsasən, rayonda köhnə tikililərin median qiyməti 1 994 manatdır. Bu hesabla 100 min manatla təxminən 50 kvadratmetr mənzil almaq mümkündür.

Elanlarda isə fərdi evlər üzrə daha böyük sahələrə rast gəlmək olur. Sentyabr ayında Hövsanda 100 kvadratmetrlik, 3 otaqlı, 2 sot torpaq sahəsi olan həyət evi 100 min manata təklif edilib. Digər bir elanda isə 99 min manata 100 kvadratmetrlik, 4 otaqlı həyət evi satışa çıxarılıb.

Lakin burada da mühüm fərq var: 100 min manata 100 kvadratmetr həyət evi tapılması həmin ərazidə mənzillərin də eyni qiymətə olması demək deyil. Ünvan, tikilinin tipi, sənədlər, metroya məsafə və təmir vəziyyəti qiyməti ciddi dəyişir.

Ən böyük fərq isə mənzilin növündədir: şəhərin mərkəzinə yaxın ərazilərdə 100 min manat kiçik mənzilə belə kifayət etmədiyi halda, kənar rayonlarda eyni məbləğə 100 kvadratmetrə yaxın həyət evi tapmaq mümkündür.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!