Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərinin yaradılması məsələsi müzakirə oluna bilər. Belə bir sistem ailələrə birbaşa ödənişdən əlavə, mənzil, təhsil və digər sosial ehtiyaclar üzrə müxtəlif güzəştlər formasında da tətbiq edilə bilər.
Azərbaycanda uşaqlı ailələrə uzunmüddətli maddi dəstək üçün hansı yeni mexanizmlər yaradıla bilər? Belə bir sistemdə ailələrə maliyyə yardımı ilə yanaşı, mənzil, təhsil və digər sahələr üzrə hansı güzəştlər nəzərdə tutula bilər?
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika”ya danışan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli bildirib ki, ilk növbədə çoxuşaqlı ailə anlayışının hansı meyarlar əsasında müəyyənləşdirildiyinə yenidən baxılmalıdır. Dördpendirli pizza
Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında deputat Vüqar Bayramov tərəfindən ailədə minimum üç uşağın çoxuşaqlı ailə hesab edilməsi və həmin ailələrdə hər bir uşaq üçün ayrıca müavinət müəyyənləşdirilməsi ilə bağlı təklif səsləndirilib: “Əgər ailədə üç və daha çox uşaq varsa, onların çoxuşaqlı ailə kateqoriyasına daxil edilməsi həm mövcud demoqrafik vəziyyət baxımından, həm də ailələrin stimullaşdırılması baxımından əhəmiyyətli ola bilər. İki uşaqlı ailələr üçün də bu, üçüncü övladın dünyaya gətirilməsi baxımından əlavə stimul yarada bilər. Bu isə əhalinin demoqrafik göstəricilərinin yaxşılaşdırılmasına və ölkə əhalisinin sayının artmasına müəyyən töhfə verə bilər”.
Ekspert Rusiyada uşaqlı ailələrə tətbiq olunan maliyyə dəstəyi mexanizmlərinin də nəzərdən keçirilə biləcəyini bildirib: “Rusiyada uşağın doğulması ilə bağlı ailələrə birdəfəlik ödənişlər və digər maliyyə dəstəyi mexanizmləri mövcuddur. Azərbaycanda da uşaqların sayından asılı olaraq fərqli sosial dəstək mexanizmlərinin tətbiqi məsələsinə baxmaq olar. Bunun üçün ilk növbədə çoxuşaqlı ailə anlayışının hansı həddən başladığı dəqiq müəyyənləşdirilməlidir”.
İ.Hüseynli hesab edir ki, Azərbaycanda hazırda çoxuşaqlı ailə statusunun beş və daha çox uşağı olan ailələrə şamil edilməsi məsələsi də yenidən nəzərdən keçirilə bilər: “Hazırda beş və daha çox uşağı olan ailələrin sayı kifayət qədər azdır. Buna görə də meyarın beş uşaqdan müəyyənləşdirilməsi nəticə etibarilə bu kateqoriyaya düşən ailələrin sayının məhdud qalmasına səbəb olur. Əgər məqsəd uşaqlı ailələrə daha geniş sosial dəstək göstərmək və doğumun stimullaşdırılmasıdırsa, bu meyarın dəyişdirilməsi məsələsi müzakirə olunmalıdır”.
Ekspert vurğulayıb ki, uşaqlara verilən müavinət yalnız maddi yardım kimi qiymətləndirilməməlidir: “Uşaq müavinəti sosial siyasətin tərkib hissəsi və ailələrin sosial təminat mexanizmlərindən biri kimi nəzərdən keçirilməlidir. Sosial yardım ilə sosial müavinət arasında fərq qoyulmalıdır. Maddi çətinlik yaşayan və sosial dəstəyə ehtiyacı olan ailələrə göstərilən yardım bir mexanizmdir, uşağa görə verilən müavinət isə daha geniş sosial siyasətin tərkib hissəsidir. Bu kateqoriyalar bir-birindən fərqləndirilməli və uşaqlı ailələrin dəstəklənməsi ilə bağlı daha sistemli mexanizmlər formalaşdırılmalıdır”.
İ.Hüseynlinin fikrincə, belə mexanizmlərin tətbiqi həm ailələrin sosial yükünün azaldılmasına, həm də demoqrafik siyasətin gücləndirilməsinə xidmət edə bilər.
Telegram kanalımız