Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Sahil Babayev qarşıdakı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real ifadədө 2,7 faiz artaraq 140,1 milyard manata çatacağının proqnozlaşdırıldığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəldiyini və dövlətin maliyyə imkanlarının ardıcıl olaraq genişləndiyini vurğulayıb.
S.Babayev qarşıda duran əsas vəzifələrin əldə edilmiş nailiyyətləri qorumaqla yanaşı, ölkənin iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və mövcud maliyyə imkanlarından maksimum səmərə ilə istifadə etmək olduğunu qeyd edib. Elektronika məhsulları
Qeyri-neft sektorunun sürətli inkişafı, özəl sektorun iqtisadiyyatdakı rolunun və çəkisinin artırılması, əhalinin rifah halının daha da yüksəldilməsi, ölkənin müdafiə və təhlükəsizlik məsələlərinin yüksək səviyyədə həlli, eləcə də işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin genişmiqyaslı davam etdirilməsinin dövlət siyasətinin əsas prioritet istiqamətləri olduğunu diqqətə çatdıran nazir qlobal miqyasda müşahidə olunan qeyri-müəyyənliklər və xarici bazarlardakı dəyişkənliklər fonunda fiskal siyasətdə ehtiyatlı yanaşmanın, sərt büdcə nizamının və dövlət maliyyəsinin dayanıqlılığının qorunmasının hər zamankından daha çox aktuallıq kəsb etdiyini bildirib.
S.Babayevin sözlərinə görə, 2027-ci ildə ÜDM-in 77,4 faizinin, yaxud 109,1 milyard manatının məhz qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir ki, bu da 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 milyard manat, real ifadədə isə 4,4 faiz çox deməkdir. Gələn il üçün illik inflyasiya səviyyəsinin 5,3 faiz olacağı, milli valyutanın – manatın məzənnəsinin isə 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində dəyişməz qalacağı proqnozlaşdırılır.
Nazir həmçinin gələn ilin büdcə hesablamalarında “Azeri Light” markalı xam neftin bir barelinin orta satış qiymətinin 65 ABŞ dolları səviyyəsində götürüldüyünü və beynəlxalq maliyyə bazarlarındakı mövcud dalğalanmalar nəzərə alınaraq neft qiymətinin müəyyənləşdirilməsində ehtiyatlı yanaşmaya üstünlük verildiyini diqqətə çatdırıb. Ölkənin strateji ehtiyatlarına toxunan S.Babayev cari ilin oktyabr ayının 1-ə olan məlumata əsasən respublikanın məcmu valyuta ehtiyatlarının 89,4 milyard ABŞ dolları təşkil etdiyini, bu rəqəmin xarici dövlət borcundan təxminən 20 dəfə çox olduğunu vurğulayaraq, yüksək valyuta ehtiyatlarının makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlığının və ölkənin xarici öhdəliklərinin yerinə yetirilməsinin etibarlı təminatı olduğunu qeyd edib.
Nazim Hacıyev
Telegram kanalımız