“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 4 min məktəb var. Bu 4 min məktəbdə milyon yarım uşaq təhsil alır. Bu şagirdlərin gündəlik təması, məktəbdə olması təbii ki, bəzi hallarda xoşagəlməz, arzuolunmaz hadisələri qaçılmaz edir. Biz bundan təəssüf hissi keçiririk”.
“Yeni Sabah” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, gələcəkdə də bu kimi halların qarşısının alınmasında və yaranan mübahisələrin həllində birgə səylər göstəriləcək:
“Xüsusilə qeyd etmək istərdim ki, baş verən bu cür hadisələrin qarşısının alınmasında məktəb rəhbərliyi, pedaqoji heyət və digər məsul şəxslər tərəfindən operativ tədbirlər görülmüş və mövcud imkanlardan düzgün istifadə edilib. Bu münasibətlə müəllimlərimizə və ümumilikdə məktəb kollektivinə təşəkkürümü bildirirəm.
Zəruri olan budur ki, belə halların baş verdiyi məqamlarda bütün təlimatlara uyğun şəkildə hərəkət edilsin. Hər bir vəzifə sahibi üzərinə düşən məsuliyyəti vicdanla və yüksək peşəkarlıqla yerinə yetirməlidir.
Bir daha təşəkkür edirəm. Əminəm ki, gələcəkdə də bu kimi halların qarşısının alınmasında və yaranan mübahisələrin həllində məktəb rəhbərliyi və pedaqoji heyət birgə səylərlə fəaliyyət göstərəcəkdir”.
Aytac Əliyeva
Telegram kanalımız