Səhər evdən çıxmazdan əvvəl iki yumurta, bir neçə dilim pendir, çörək və çay... Evdə bu süfrə çox adi görünür. Amma eyni səhəri kafedə keçirmək istəyəndə hesab artıq başqa cür görünür: yumurta, çörək, pendir və bir fincan kofe üçün 15-20 manat ödəmək mümkündür.
Bəs hər səhər kafedə yemək vərdişi ayın sonunda cibdən nə qədər pul çıxarır? Eyni səhər yeməyini evdə hazırlamaqla nə qədər qənaət etmək olar?
“Yeni Sabah” xəbər verir ki, Bakıda səhər yeməyinin qiyməti seçilən məkandan və menyudan asılı olaraq ciddi dəyişir. Hazırda şəhərdə həm 9-13 manat civarında səhər yeməyi dəstləri, həm 15-30 manatlıq müasir səhər menyuları, həm də daha bahalı seçimlər mövcuddur. pizza hut
Evdə bir səhər yeməyi neçəyə başa gəlir?
Ən sadə variantı götürək. Bir nəfərin səhər yeməyində: 2 ədəd yumurta, 40-50 qram pendir, 2-3 dilim çörək, bir fincan çay və ya kofe yediyini hesablayaq.
Hazırkı mağaza qiymətlərinə əsasən 10 ədəd yumurtanı təxminən 2,50-3,99 manata almaq mümkündür. Pendir isə növündən asılı olaraq xeyli dəyişir. Məsələn, Bazarstore-da 200-250 qramlıq bəzi pendirlər 2,70-3,49 manat, 500 qramlıq ağ pendir isə 5,80 manat göstərilir.
Adi çörəyin qiyməti isə çeşidə görə təxminən 1-2 manat civarındadır. Bu məhsulların hamısını bir səhər yeməyində tam istifadə etmədiyimizi nəzərə alsaq, bir nəfər üçün sadə ev səhər yeməyinin maya dəyərini təxminən 2,5-4 manat aralığında hesablamaq mümkündür. Əgər çay içilirsə, xərc daha aşağı düşür. Daha bahalı kofe, kərə yağı, kolbasa, mürəbbə və digər məhsullar əlavə olunduqda isə məbləğ artır.
İndi eyni səhəri kafedə təsəvvür edək.
Bakıda səhər menyularına baxanda fərqin haradan yarandığı aydın görünür. Məsələn, "Gazelli Cafe"nin səhər menyusunda pomidor-yumurta 12 manat, pendirli omlet 11 manat, göbələkli omlet 11 manat, avokadolu tost 16 manat, krevet və yumurtalı kreplər isə 20 manatdır.
"United Coffee Beans"də isə səhər yeməyi seçimləri arasında 13 manatlıq yaşıl omlet, 16 manatlıq yumurta-sucuk, 18 manatlıq briyoş üzərində qayğanaq, 21 manatlıq Azərbaycan səhər yeməyi və 23 manatlıq İngilis səhər yeməyi var. Kappuçino isə 6,90 manatdır.
Daha münasib variantlar da tapmaq mümkündür. Məsələn, "Padişah" restoranının Elmlər filialında səhər yeməyi 12,50 manat, mini səhər dəsti 9,50 manat, pomidor-yumurta isə 6,50 manat göstərilir. Yəni Bakıda səhər yeməyinin qiymətini tək bir rəqəmlə ifadə etmək mümkün deyil. Amma bir nəfərin səhər yeməyi üçün 10-20 manatlıq orta xərc götürsək, mənzərə kifayət qədər dəyişir.
Ay ərzində fərq nə qədər edir?
Tutaq ki, bir Bakı sakini həftənin 5 günü – yəni ayda təxminən 22 iş günü səhər yeməyini kafedə yeyir. Orta hesabla 15 manatlıq səhər yeməyi seçərsə:
15 × 22 = 330 manat
Deməli, yalnız iş günlərində səhər yeməyinə ayda təxminən 330 manat xərclənir.
Eyni insan evdə orta hesabla 3 manatlıq səhər yeməyi hazırlasa:
3 × 22 = 66 manat
Fərq:
330 - 66 = 264 manat
Başqa sözlə, eyni adamın səhər yeməyini kafedə yeməsi ilə evdə hazırlaması arasında yalnız iş günləri üzrə ayda təxminən 264 manatlıq fərq yarana bilər.
İldə isə:
264 × 12 = 3 168 manat
Bu, artıq bir neçə səhər yeməyinin deyil, kifayət qədər böyük bir illik xərcin fərqidir. Kofe hesabı ayrıca aparılanda rəqəm daha da böyüyür
Əsas məsələ isə yalnız səhər yeməyi deyil. Bakıda kofe də səhər xərclərinin ayrıca hissəsinə çevrilib. Hazırkı menyularda bir fincan kappuçino üçün 6,90 manat kimi qiymətlərə rast gəlmək mümkündür. Məsələn, hər iş günü səhər yeməyindən sonra 6 manatlıq kofe içən şəxs ayda 132 manat yalnız kofeyə xərcləyir. 15 manatlıq səhər yeməyi ilə birlikdə 462 manat alınır.
Beləliklə, bir insanın iş günlərində səhər yeməyi və kofeyə ayda 400-500 manat xərcləməsi heç də qeyri-adi ssenari deyil. Evdə isə eyni məhsulları daha aşağı xərcə hazırlamaq mümkündür. İki nəfərlik ailədə fərq daha böyükdür.
Ən bahalı səhər yeməyi haradadır?
Bakıda səhər yeməyi üçün yuxarı qiymət həddi də kifayət qədər yüksəkdir. Məsələn, "Four Seasons Hotel Baku"nun "Zafferano" restoranında səhər yeməyi seçimləri arasında 60-68 manatlıq menyular, iki yumurtanın qiyməti 23 manat, pomidor-yumurta isə 25 manat göstərilir. Amerikano və flat white 17 manat, kappuçino isə 18 manatdır. Otelin otağa səhər yeməyi menyusunda isə tam səhər yeməyi seçimləri 65-73 manatadək yüksəlir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız