Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunun aktivləri 14 faizdən çox böyüyərək 65 milyard manat həddini keçib.
“Yeni Sabah” xəbər verir ki, eyni dövrdə bankların kredit portfeli də 14 faiz artım nümayiş etdirərək 34 milyard manatı üstələyib.
Bu rəqəmləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əlyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda səsləndirib. Qurum rəsmisi bildirib ki, ilin əvvəlindən biznes kreditləri 17 faiz artaraq 19 milyard manata yaxınlaşıb, əhalinin əmanətləri isə təxminən 15 faiz yüksəlməklə 18,7 milyard manatla tarixi maksimuma çatıb. Onlayn mağaza
Sədr müavininin sözlərinə görə, son illər əmanətçilərin sayında ciddi artım və dollarlaşmada azalma qeydə alınır. Belə ki, 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçilərin sayı 2,2 dəfə artaraq 235 min nəfəri ötüb. Əhalinin əmanət portfelində xarici valyutanın payı isə 28 faizə enib. Sektorun məcmu kapitalı 7 milyard manat, kapitalın adekvatlıq əmsalı isə təxminən 17 faiz təşkil edir ki, bu da müəyyən edilmiş tənzimləyici normativləri xeyli üstələyir.
Ə.Məmmədyarov 2027-ci ildən etibarən bank sektorunun yeni texnoloji mərhələyə qədəm qoyacağını vurğulayıb. O qeyd edib ki, sürətli rəqəmsallaşma, açıq bankçılıq və süni intellektin tətbiqi maliyyə bazarında mövcud qaydaları dəyişir. Bu fonda tənzimləyici qurumun qarşısında əməliyyat, texnoloji və iqlim risklərinin mürəkkəbləşməsi, eləcə də sosial mühəndislik və məlumat sızmaları kimi kibertəhdidlərin artması iki əsas çağırış kimi dayanır.
Mərkəzi Bank rəsmisi bu riskləri önləmək üçün “ağıllı tənzimləmə” (Smart Regulation) yanaşmasına keçildiyini açıqlayıb. Artıq proaktiv nəzarət məqsədilə bankların risk profilini öncədən müəyyənləşdirən ARAS (risk əsaslı nəzarət sistemi) tətbiq olunur və SupTech həllərinin qurulmasına başlanılıb.
Bundan əlavə, ölkəni regionun aparıcı rəqəmsal maliyyə mərkəzinə çevirmək məqsədilə 2027–2030-cu illəri əhatə edən “Maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə Dövlət Proqramı” hazırlanır. Sənəddə süni intellektin tətbiqi, insan kapitalının və ödəniş infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların genişləndirilməsi və rəqəmsal fırıldaqçılığa qarşı mübarizə əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Telegram kanalımız