Muşmula, yaxud yapon əzgili ilk baxışdan ərik və ya alçaya bənzəsə də, həm yetişmə dövrü, həm də dadı fərqlidir.
“Yeni Sabah”ın xəbərinə görə, əksər meyvə ağacları yaz aylarında çiçək açdığı halda, muşmula qış mövsümündə çiçəklənir. Soyuq havalarda ağ çiçəklərlə bəzənən ağac yazın sonu, yayın əvvəllərində məhsul verir. Məhz bu xüsusiyyətinə görə botanika aləmində maraqlı bitkilərdən biri hesab olunur.
Muşmulanın dadı da özünəməxsusdur. Onu dadanlar meyvənin ərik, şaftalı və sitrus meyvələrinin qarışığını xatırlatdığını deyirlər. Şirin və yüngül turşməzə dadı sayəsində həm təzə yeyilir, həm də mürəbbə, cem və kompot hazırlanmasında istifadə olunur. Toyuqlu pizza

Bu meyvə yalnız dadı ilə deyil, faydaları ilə də diqqət çəkir. Tərkibində C və A vitaminləri, həmçinin antioksidantlar var. Mütəxəssislərin fikrincə, bu maddələr orqanizmin müdafiə sisteminin güclənməsinə və hüceyrələrin qorunmasına kömək edir. Su tərkibinin yüksək olması isə onu yay aylarında ən çox seçilən meyvələrdən birinə çevirir.
Muşmula ilə bağlı maraqlı faktlardan biri də onun ağacının uzunömürlü olmasıdır. Əlverişli şəraitdə onilliklərlə yaşayan ağac hər il bol məhsul verə bilir. Lakin meyvənin tumları ilə ehtiyatlı olmaq lazımdır. Çünki tumların tərkibində insan sağlamlığı üçün zərərli ola biləcək maddələr mövcuddur və onların yeyilməsi tövsiyə edilmir.
Bu gün dünyanın bir çox ölkəsində yetişdirilən yapon əzgili həm dadı, həm də qeyri-adi xüsusiyyətləri ilə meyvələr arasında xüsusi yer tutur.
Aydan Hacı
Telegram kanalımız