Boşanıb, amma əl çəkmir: “Kişi istəyir ki, xanımı heç kimin əlinə keçməsin”

saytların hazırlanması

Evə çatdırılma

Boşanıb, amma əl çəkmir: “Kişi istəyir ki, xanımı heç kimin əlinə keçməsin”

Sosial

09 Oktyabr 2026 09:19 346


Ayrılıq və ya boşanma münasibətin bitməsi deməkdir. Lakin bəzi hallarda tərəflərdən biri münasibətin bitdiyini qəbul etmir və keçmiş həyat yoldaşına qarşı nəzarət, təqib, təhdid və zorakılığı davam etdirir.

Xəbərlərdə boşandığı və ya ayrıldığı qadını öldürən, döyən, təhdid edən kişilərlə bağlı məlumatlara tez-tez rast gəlinməsi də bu problemin cəmiyyətdə ciddi müzakirəyə ehtiyac olduğunu göstərir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan həkim-psixiatr Azad İsazadə bildirib ki, belə hallarla çox tez-tez rastlaşırlar: Sezar pizza

“Məntiqlə belə hallar ümumiyyətlə olmamalıdır. Boşanıblarsa, hansısa səbəbdən ayrılıblarsa, hər kəsin, sözsüz ki, öz yeni həyatını qurmağa ixtiyarı var. Əsrlər boyunca kişilər qadını öz şəxsi mülkü kimi qəbul ediblər. Burada namus-qeyrət məsələsi və sevgi də var. “Mən istəmirəm ki, mənim xanımıma kimsə baxsın, ona əl dəysin” və s. kimi düşüncələr kişilərdə çox olur.

Boşandıqdan sonra da həmin psixoloji asılılıq, yəni “mən məsuliyyət daşıyıram, mən bu qadına görə cavabdehəm” düşüncəsi şüuraltında qalır. Kişi hesab edir ki, xanım səhv seçim edə bilər, düzgün qərar verə bilməz. Heç fikirləşmir ki, bu insanla görüşəndə və ya ailə quranda bir şey alınmayıbsa, demək ki, səhvlərdən biri də həmin insanla öz həyatını birləşdirmək olub.

Kişi bir növ istəyir ki, ayrıldığı xanım heç kimin əlinə keçməsin.

Nəticədə də bəzən faciəvi hallar baş verir. Çox vaxt faciə ilə bitməsə də, hansısa təzyiq, izləmə, nəzarət etmə və s. hallar da olur. Bu isə istər-istəməz xanımda qorxu, həyəcan və təşviş yarada bilir”.

A. İsazadə qeyd edib ki, az da olsa, belə hallar boşanmış xanımlarda da baş verir:

“Bir məqam da var. İnsan düşünür ki, xanım mənimlə xoşbəxt olmayıbsa, deməli, başqası ilə də xoşbəxt olmayacaq.

Bəzən biz öz həyatımızı qurmaq əvəzinə, o birisinin həyatını guya nəzarətdə saxlayırıq. Amma reallıqda həmin insanın da həyatını pozuruq, onun dinc həyatını korlamağa cəhd göstəririk.

Burada sırf psixoloji məqamlar da var. Belə hallarda insan psixoloq və ya psixiatra müraciət etsə, sözsüz ki, ona kömək edə bilərik. Amma problem ondadır ki, kişi xeylağı bunu adətən etmək istəmir.

Bu, təkcə kişilərə xas xüsusiyyət deyil. Az da olsa, belə hallar boşanmış xanımlarda da baş verir. Onlar da ayrıldıqları bəyə nəzarət etmək istəyirlər: kimlə görüşür, hara gedir, kimlə yaşayır və s. Sözsüz ki, fiziki təzyiqə daha az rast gəlinir, amma belə hallarla da rastlaşırıq. Fiziki təzyiq adətən xanımın qarşı tərəfin yeni münasibət qurduğu qadına qarşı nəsə etməsi formasında özünü göstərə bilər. Sosial şəbəkələrdə onun haqqında şayiələr yaymaq və s. hallar da mümkündür. Lakin kişilərdə bu hal qadınlara nisbətən daha çox rast gəlinir”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!