Övladını özəl uşaq bağçasına göndərmək istəyən valideynlər üçün seçim təkcə təhsil proqramı ilə deyil, qiymətlə də müəyyənləşir. Bakıda fəaliyyət göstərən bəzi premium bağçalarda aylıq ödəniş 1500-1700 manata qədər yüksəlir. Həm də eyni şəhərdə bir özəl bağçada aylıq ödəniş 700 manat olduğu halda, digərində niyə bunun iki qatından da artıqdır?
"Yeni Sabah" bu mövzunu ətraflı araşdırıb.
Bakıda ən yüksək qiymət təklif edən məktəbəqədər təhsil müəssisələri əsasən beynəlxalq məktəblərin nəzdində fəaliyyət göstərən və ya xarici təhsil proqramları tətbiq edən bağçalardır. Dördpendirli pizza
"The International School of Azerbaijan"ın məktəbəqədər bölməsində aylıq təhsil haqqı seçilən proqramdan asılı olaraq təxminən 1000-1700 manat arasında dəyişir. IB (Intenational Bacalauerate – Beynəlxalq Bakalaviarat) standartlarına uyğun erkən inkişaf proqramı, ingilisdilli təhsil, musiqi, incəsənət, idman, kitabxana və geniş oyun sahələri təqdim olunur. Qiymətin dəyişməsi uşağın yaşına, yarım və ya tam gün proqramına, eləcə də seçilən xidmət paketinə görə müəyyənləşir.
"Baku International School"da aylıq ödəniş 900-1500 manat arasında dəyişir. Bağçada beynəlxalq kurikulum, ingilis dilində təhsil, STEAM məşğələləri, yaradıcılıq dərsləri və məktəbə hazırlıq proqramları keçirilir. Qiymət tam gün proqramı, əlavə fəaliyyətlər və yaş qrupuna uyğun olaraq dəyişir.
"Kipina Kids Baku" bağçasında aylıq təhsil haqqı 800-1300 manat təşkil edir. Finlandiya təhsil modelinə əsaslanan bağçada oyun əsaslı öyrənmə, açıq hava fəaliyyətləri, ingilis dili və fərdi inkişaf proqramları təklif olunur. Tam gün proqramı və əlavə məşğələlər seçildikdə ödəniş artır.
"Kids Academy by British School"da aylıq qiymətlər 800-1200 manat arasında dəyişir. Burada Britaniya kurikulumu, ingilisdilli mühiti, məktəbə hazırlıq, incəsənət və idman dərsləri təşkil edilir. Qiymət proqramın müddəti və seçilən əlavə xidmətlərdən asılıdır.
"Bumblebee Preschool & Montessori" özəl bağçasında isə aylıq ödəniş 700-1000 manat arasında dəyişir. Montessori metodikası əsasında fəaliyyət göstərən bağçada ingilis dili, yaradıcı məşğələlər, musiqi, rəsm və fərdi inkişaf proqramları təklif edilir. Bu sistem uşaqların öz sürətinə uyğun, oyun və praktik məşğələlər vasitəsilə öyrənməsinə əsaslanır. Tam gün proqramı və əlavə xidmətlər seçildikdə ödəniş yüksəlir.
"Young World Montessori”də aylıq təhsil haqqı 700-1000 manat təşkil edir. Bağçada Montessori proqramı, ingilis dili, məktəbə hazırlıq, məntiq və yaradıcılıq dərsləri keçirilir. Qiymət uşağın yaşına və seçilən təhsil paketinə görə dəyişir.
"Modern Educational Complex" bağçasının məktəbəqədər bölməsində aylıq ödəniş 600-900 manat arasında dəyişir. Burada Azərbaycan və ingilis dillərində təhsil, məktəbə hazırlıq, musiqi, rəsm, idman və müxtəlif inkişaf məşğələləri təşkil olunur. Tam gün proqramı və əlavə dərnəklər ödəniş məbləğinə təsir göstərir.
Qiymətlərə uşağın yaşı da təsir göstərir. Kiçik yaş qruplarında müəllimlərin uşaqlarla fərdi işləməsi üçün qruplar daha azsaylı olduğundan ödəniş artır. Həmçinin tədris dili, beynəlxalq kurikulumun tətbiqi, xarici müəllimlərin çalışması, qrupdakı uşaq sayı, iş saatlarının uzunluğu və əlavə məşğələlər də yekun qiyməti dəyişən əsas amillər sırasındadır.
Premium özəl bağçalarda aylıq ödənişə əksər hallarda gündə 3-5 dəfə qidalanma, ingilis dili, bəzi müəssisələrdə ikinci xarici dil, məktəbə hazırlıq, musiqi, rəsm, rəqs, yaradıcılıq dərsləri, şahmat, STEAM və robototexnika məşğələləri, idman proqramları, psixoloq və loqoped xidməti, təhlükəsizlik sistemi və videomüşahidə daxildir. Bununla belə, servis xidməti, bəzi fərdi inkişaf proqramları və xüsusi dərnəklər bir çox bağçada ayrıca ödənişlə təqdim olunur.
Son illər valideynlər təkcə uşağın bağçada qalmasına deyil, erkən yaşdan xarici dil, sosial bacarıqlar və beynəlxalq təhsil proqramları qazanmasına üstünlük verdiyi üçün premium bağçalara maraq artıb. Bu isə qiymətlərin də yüksək səviyyədə qalmasına səbəb olur.
Araşdırmada adı çəkilən premium özəl uşaq bağçalarının heç biri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) həyata keçirdiyi qrant layihəsi çərçivəsində fəaliyyət göstərən bağçalar siyahısında yer almır.
MÜTDA-nın qrant layihəsi dövlətin bəzi özəl uşaq bağçalarında uşaqların təhsil haqqının bir hissəsini maliyyələşdirməsidir. Yəni valideyn bağçanın tam aylıq ödənişini ödəmir, dövlət müəyyən məbləği qarşılayır, valideyn isə yalnız qalan hissəni ödəyir. Bu layihə bütün özəl bağçalara aid deyil və yalnız Agentliyin seçdiyi, müsabiqədən keçmiş müəssisələrdə tətbiq olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız