Rusiyalı ailələr Azərbaycanda qalma müddəti ilə bağlı miqrasiya qaydalarına əməl etmədikləri üçün övladlarının ölkəyə yenidən girişində problemlərlə üzləşirlər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
O bildirib ki, mövcud miqrasiya qanunvericiliyinə əsasən, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyası vətəndaşlarının Azərbaycanda olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib. Elektronika məhsulları
Bu müddətdən artıq ölkədə qalmaq və ya uzunmüddətli yaşamaq istəyən şəxslər bunun üçün qanuni əsasları olduğu təqdirdə müddətin uzadılması və ya yaşama icazəsinin alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
V.Hüseynovun sözlərinə görə, ölkəni tərk edərkən Azərbaycanda qalma müddəti başa çatan şəxslərə bu barədə məlumat verilir. Bundan başqa, Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilən elektron kalkulyator vasitəsilə ölkədə qalmaq üçün nəzərdə tutulan müddətin nə qədərinin qaldığını hesablamaq mümkündür.
Xidmət rəisi qeyd edib ki, son aylarda, xüsusilə yetkinlik yaşına çatmayan uşaqlarla bağlı miqrasiya müddəti tələblərinin pozulması halları artıb. Bu barədə sərhəd-keçid məntəqələrində şəxsən edilən xəbərdarlıqlara məhəl qoyulmaması nəticəsində həmin uşaqlar və onların ailələri Azərbaycana yenidən daxil olarkən məhdudiyyət və maneələrlə üzləşirlər.
V.Hüseynov belə halların qarşısının alınması üçün, xüsusilə azyaşlı uşaqların valideynlərini diqqətli olmağa çağırıb. O bildirib ki, valideynlər övladlarının Azərbaycanda qalma müddətini, sərhəd-keçid məntəqələrində verilən məlumat və xəbərdarlıqları ciddi nəzarətdə saxlamalı, müvafiq əsaslar olduqda müddətin uzadılması üçün vaxtında müraciət etməlidirlər.
Aytac Əliyeva
Telegram kanalımız