Körpə öldü, həkim sənəddə başqa məlumat yazdı – Ali Məhkəmədən qərar

saytların hazırlanması

Evə çatdırılma

Körpə öldü, həkim sənəddə başqa məlumat yazdı – Ali Məhkəmədən qərar

Sosial

27 Noyabr 2026 10:09 56


Körpənin ölümü ilə nəticələnən doğuş hadisəsində səhlənkarlıqda və tibbi sənədlərə bilərəkdən yalan məlumat daxil etməkdə ittiham olunan həkimin işi yenidən araşdırılacaq.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası həkim mama-ginekoloqun səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunduğu cinayət işi üzrə mühüm hüquqi mövqe ortaya qoyub.

İttihama əsasən, mama-ginekoloq hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib. Dölün ana bətnində kəskin hipoksiyaya, yəni oksigen çatışmazlığına məruz qalması təxirəsalınmaz cərrahi müdaxilə tələb etsə də, həkim əməliyyatın vaxtında aparılmasını təmin etməyib. Sərfəli qiymətə məhsullar

Nəticədə ana bətnindən vaxtında götürülməyən körpə əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb.

Bundan sonra həkimin hadisəni gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə rəsmi tibbi sənədə bilərəkdən həqiqətə uyğun olmayan məlumat daxil etdiyi iddia olunur. Belə ki, ekspertiza rəyləri, şahid ifadələri və tibbi qeydlər körpənin perinatal mərkəzə gətirilərkən diri olduğunu təsdiqləsə də, həkim sənəddə onun qəbul zamanı ölü olduğunu qeyd edib.

Birinci instansiya məhkəməsi həkimi Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Lakin müdafiə tərəfinin apellyasiya şikayətindən sonra məhkəmə həkimin vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gəlib və onu vəzifə saxtakarlığı ittihamından bəraət almış hesab edib. Səhlənkarlıqla bağlı əməl isə başqa maddə ilə tövsif olunaraq cəza 2 ilə endirilib.

Ali Məhkəmə isə apellyasiya instansiyasının bu yanaşmasını qanunsuz və əsaslandırılmamış hesab edib.

Məhkəmə kollegiyası bildirib ki, həkimin vəzifəli şəxs olmaması onun rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı hərəkətlərinin avtomatik olaraq cinayət məsuliyyətindən kənarda qalması demək deyil. Belə hallarda əməlin Cinayət Məcəlləsinin 320.1-ci maddəsi – rəsmi sənədlərin saxtalaşdırılması baxımından da qiymətləndirilməsi mümkünlüyü araşdırılmalıdır.

Qərarda səhlənkarlıq əməlinin bir maddədən digərinə tövsif edilməsi zamanı cinayət qanununun geriyə qüvvəsinin tətbiqi məsələsinə də toxunulub. Ali Məhkəmə vurğulayıb ki, sonradan qüvvəyə minmiş daha yüngül qanunun tətbiqi üçün ilk növbədə həmin əməlin törədildiyi vaxt qüvvədə olan qanunla cinayət təşkil etməsi müəyyənləşdirilməlidir.

Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası bu məsələləri lazımi qaydada araşdırmayıb və eyni subyekt əlamətinə malik cinayət tərkiblərinə fərqli hüquqi yanaşma nümayiş etdirib.

Nəticədə Ali Məhkəmə kassasiya protestini təmin edib, apellyasiya instansiyasının hökmünü ləğv edərək cinayət işini yeni məhkəmə baxışına göndərib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!