Milli Məclisin bugünkü plenar iclasında "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib. Sənəd korrupsiya halları haqqında məlumat verən şəxslərin stimullaşdırılması və onların təhlükəsizliyinin təmin olunması üçün hərtərəfli hüquqi mexanizmlər müəyyənləşdirir.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə əsasən, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilat rəhbərinin qərarı ilə 10 iş günü müddətində mükafat ödəniləcək. Bu mükafat təşkilatın büdcəsi, büdcə təşkilatlarında isə saxlanılma xərcləri və büdcədənkənar vəsaitlər hesabına veriləcək.
Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislinədək müəyyən oluna bilər və həmin məbləğ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə gəlir vergisindən azad olunur. Dördpendirli pizza
Mükafatın həcmi müəyyənləşdirilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin həcmi nəzərə alınacaq.
Bundan əlavə, cinayət təqibi nəticəsində ittihamedici qərar çıxarıldıqda və ya bəraətverici əsaslar olmadan xitam verildikdə, müsadirə edilmiş əmlakın satışından, idarə olunmasından, müsadirə olunan pul vəsaitindən və ya dövlətə ödənilmiş maddi ziyanın miqdarından müvafiq xərclər çıxılmaqla 5 faiz məbləğində əlavə pul vəsaiti məlumat verən şəxsə veriləcək.
Layihədə məlumat verənlərin və onların yaxınlarının sosial müdafiəsi də tənzimlənib. Korrupsiya barədə məlumat verdiyinə görə bədən xəsarəti alan şəxsə və ya onun qohumuna 10 min manat, həmin səbəbdən həlak olduqda isə ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək.
Sənədə əsasən, korrupsiya ilə bağlı məlumatda peşə, kommersiya, istintaq, məhkəmə sirləri və ya şəxsi həyata dair məlumatlar olarsa, onların açıqlanması qanunazidd hesab edilməyəcək. Lakin şəxsi maraqlar, qanunsuz nemət və ya imtiyaz əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumat verilməsi bu qanun çərçivəsində qiymətləndirilməyəcək.
Yeni qanun layihəsi ilə əlaqədar Əmək, Cinayət-Prosessual məcəllələrinə və digər müvafiq qanunlara da uyğunlaşdırma dəyişiklikləri nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.
Nazim Hacıyev
Telegram kanalımız