Azərbaycanda noyabr ayında havanın əsasən iqlim normasına yaxın, bəzi bölgələrdə isə normadan bir qədər isti keçəcəyi gözlənilir. Bununla yanaşı, bəzi ərazilərdə yağıntının miqdarı normadan çox ola bilər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabr ayı üçün açıqladığı aylıq hava proqnozunda bildirilib.
Məlumata əsasən, noyabrda ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ilə əlaqədar tutqun və buludlu günlərin sayı artacaq. Soyuq hava kütlələrinin ölkə ərazisinə tez-tez daxil olması nəticəsində havanın temperaturunda əhəmiyyətli enmələr müşahidə ediləcək. Dominos pizza
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-13 dərəcə isti olacağı proqnozlaşdırılır. Gecələr temperaturun 10-15, gündüzlər isə 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı ehtimal edilir. Gecələr temperatur 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər isə 14-19 dərəcə isti təşkil edəcək.
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir. Gecələr temperatur 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər isə 10-15 dərəcə isti olacaq. Ayrı-ayrı günlərdə gündüz temperaturu 1-5 dərəcəyədək enə bilər.
Şərqi Zəngəzur iqtisadi rayonunda, o cümlədən Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında orta aylıq temperaturun 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər isə 11-16 dərəcə isti gözlənilir.
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzuli rayonlarında orta aylıq temperaturun 8-11 dərəcə isti olacağı bildirilir. Gecələr temperatur 7-12, gündüzlər isə 15-20 dərəcə isti təşkil edəcək.
Ölkənin şimal və şimal-qərb bölgələrində, o cümlədən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 6-9 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecələr temperaturun bəzi günlərdə 5-10 dərəcə şaxtaya düşəcəyi, gündüzlər isə 0-3 dərəcə şaxta olacağı ehtimal edilir.
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı proqnozlaşdırılır. Gecələr 9-14, gündüzlər 16-21, bəzi günlərdə isə 24 dərəcəyədək isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında orta aylıq temperaturun 7-12 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecələr temperaturun bəzi günlərdə 1-4 dərəcə şaxtaya düşəcəyi, gündüzlər isə 6-11 dərəcə isti olacağı bildirilir.
Xidmətin məlumatına görə, noyabr ayı ərzində aylıq yağıntının miqdarı ölkə üzrə əsasən iqlim normasına yaxın olacaq. Lakin Bakı və Abşeron, Naxçıvan, Qazax-Gəncə, Şimal və Mərkəzi Aran, eləcə də cənub bölgəsinin bəzi ərazilərində yağıntının normadan bir qədər çox olacağı ehtimal edilir.
Aytac Əliyeva
Telegram kanalımız