Bakıda ev sahibi tanımadığı qadının onun evinə cadu etdiyini təhlükəsizlik kamerasından görüb və bu haqda hüquq-mühafizə orqanlarına müraciət edib.
Maraqlıdır, qanunvericilikdə belə bir hadisəni törədən şəxslərin məsuliyyətə cəlb olunması haqda hər hansı hal nəzərdə tutulubmu?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirir ki, qanunlarımızda fövqəltəbii qüvvələr tanınmır və nəyinsə cadu məqsədi ilə edildiyini yozmaq da düzgün deyil: Toyuqlu pizza
“Əgər kimsə qapıya oyuncaq kukla qoyubsa burada hər şeyi ehtimal eləmək olar. Bunu şeytanın gətirdiyini və ya hansı məqsədlə gətirdiyini yozmaq olmaz. Bunun cadu məqsədi ilə gətirildiyini sübut eləmək çətin məsələdir.
Burada bir tək qanunauyğun belə bir hal ola bilər ki, bu cadu yəni, pislik kimə qarşı yönəlib.
Məsələn, hansısa evin qabağına qoyublarsa və ərazi bütünlüklə sakinlərə aiddirsə burada deyə bilmərik ki, cadudur və bir nəfərə qarşı yönəlib. Sadəcə müəyyən bir şəxsin qapısına qoyularsa və bunu qoyan şəxs əvvəldən bilsə ki, bu adam mövhumata inanan adamdır, qeyri-təbii qüvvələrə inanır, belə bir şeyi görüb cadu olduğunu başa düşüb psixoloji gərginlik keçirə bilər. O zaman buna hüquqi qiymət vermək olar. O halda bu qəsdən olunan bir əməldir və bunu edən adam əməlinin nəticələrindən xəbərdardır. Onun nəticəsinin nə olduğuna baxaraq hüquqi qiymət vermək olar. Buna uyğun da, əgər psixoloji gərginlik keçiribsə, özünü öldürmək həddinə çatdırıbsa, fiziki zərər görübsə, zərərin dərəcəsinə uyğun da məsuliyyətə cəlb etmək olar”.
Hüquqşünas bildirir ki, insanların küçədə qoyduğu əşyalar cadu deyil, xeyirxahlıq məqsədi də daşıya bilər:
“Hər zaman qarşılaşırıq, zibil yeşiklərinin yanına o qədər oyuncalar qoyurlar ki... Hərə bir cürə yoza bilər. Mən fikirləşə bilərəm ki, bunun evində oyuncaq artıq idi, gətirib qoyub ora ki, kimin ehtiyacı varsa götürsün. İnsanlar qutuların içində çox şey məsələn oyuncaqlar, istifadə etmədikləri əşyaları qoyurlar ki, ehtiyacı olanlar götürsün.
Ona görə də, ehtimalla heç kimə hüquqi tədbirlər başlatmaq olmaz. Cadunu heç elm də tanımır. Bəzən insanlar qapılarından at nalı, gözmuncuğu, tikan asırlar və hamımız bilirik ki, bunlar sadəcə keçmişdən qalan adət-ənənələrdir. Elmi əsası olmayan, sübut oluna bilməyən şeyin heç vaxt hüquqi məsuliyyəti ola bilməz. Heç İslam dini də cadunu tanımır. Sivil ölkələrdə cadu ilə bağlı heç bir məsuliyyət ola bilməz”.
Nəzrin CAVADZADƏ
Telegram kanalımız