Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirlib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarına uyğun olaraq bakalavrlara qəbul imtahanında iki dəfə iştirak etmək hüququ verilir və müsabiqə onların ən yüksək nəticəsi əsasında aparılır. Dördpendirli pizza
2026/2027-ci tədris ili üzrə magistraturalara qəbul üçün aşağıdakı imtahan tarixləri müəyyən edilib:
I cəhd - 15.02.2026;
II cəhd - 17.05.2026.
I cəhd üzrə imtahanda iştirak etmək üçün 22 780, II cəhd üzrə isə 23 086 bakalavr qeydiyyatdan keçib.
DİM-dən qeyd olunub ki, mayın 17-də Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Yaranmış vəziyyət nəzərə alınaraq imtahan mərkəzlərinə rəhbər heyət yola salınmazdan əvvəl aşağıdakı göstərişlər verilib:
“İmtahana gecikən iştirakçıların təlimatda nəzərdə tutulmuş saat 09:45 əvəzinə ən gec saat 10:00-dək imtahan binasına buraxılması;
İmtahanın başlanma vaxtının saat 10:00-dan saat 10:15-ə dəyişdirilməsi.
Saat 10:00-dan etibarən imtahan qərargahına daxil olan məlumatlara əsasən, imtahan binalarının iştirakçılarala dolma dərəcəsinin 80–90% təşkil etdiyi müəyyən edilib. Bununla əlaqədar gecikən bütün iştirakçıların imtahana buraxılması və imtahanın saat 10:30-da başlanması barədə əlavə qərar qəbul olunub.
Nəticədə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri üzrə bütün 78 imtahan binasında imtahan mütəşəkkil qaydada keçirilmiş və iştirakçıların imtahana başlaması saat 10:30–10:45 intervalında təmin olunmuşdur.
Xatırladaq ki, həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17912 nəfəri imtahanda iştirak etmişdir. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.
Bakalavrların diqqətinə çatdırırıq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər”.
DİM-dən bildirilib ki, mayın 17-də imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir:
“Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər”.
Aytac Əliyeva
Telegram kanalımız