Bakıda son günlər keçirilən beynəlxalq tədbirlər Azərbaycanın İslam dünyası ilə münasibətlərində daha bir diqqətçəkən məqamı ortaya çıxarıb. Söhbət yalnız dini liderlərin toplantısından və ya ayrı-ayrı konfranslardan getmir. Türk dünyasının müsəlman dini idarələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi, toplantının Azərbaycan tarixinin böyük mütəfəkkirlərindən Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş beynəlxalq konfransla müşayiət edilməsi və tədbir iştirakçılarının Qarabağa səfərləri Azərbaycanın İslam irsi, dini həmrəylik və mədəni diplomatiya istiqamətində formalaşdırdığı xəttin müxtəlif elementlərini eyni məkanda birləşdirir.
Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərlərinin VII görüşü keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kiprin dini qurumlarının rəhbərləri iştirak ediblər. Tədbirə ümumilikdə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıb. Görüşdə müsəlman dini qurumları arasında əməkdaşlığın gücləndirilməsi, ailə institutunun qorunması, elm və texnologiyaya İslamın yanaşması və digər məsələlər müzakirə olunub.
Toplantının yekununda qəbul edilən Bakı Bəyannaməsi isə görüşün gündəliyinin yalnız dini məsələlərlə məhdudlaşmadığını göstərir. Sənəddə Türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi, dini təhsil və elmi əməkdaşlıq, gənclərin maarifləndirilməsi, islamofobiya və məzhəblərarası ayrı-seçkiliyə qarşı mübarizə, qadın və uşaq hüquqlarının müdafiəsi, dini ədəbiyyatın tərcüməsi və Türk dünyasının tarixi irsinin təbliği kimi istiqamətlər yer alıb. Sezar pizza
Burada Azərbaycanın seçdiyi məkan və mövzu da təsadüfi görünmür. Görüşün mühüm hissəsi Azərbaycan tarixində İslam elminin və fəlsəfi fikrinin böyük simalarından biri olan Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq elmi-praktiki konfransla əlaqələndirilib.
Bakuvi irsinin önə çıxarılması Azərbaycanın İslam dünyasına təqdim etdiyi mədəni mesajın mühüm elementlərindən biridir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da bildirib ki, Bakuvi irsi keçmişlə bu gün arasında körpü yaradır və ortaq irs gələcək əməkdaşlıq üçün əsas ola bilər.
Sentyabrın 15-də Prezident İlham Əliyevin tədbir iştirakçılarını qəbul etməsi isə görüşə daha geniş siyasi və beynəlxalq məzmun qazandırıb. Qəbulda TDT-nin baş katibi, müsəlman dini idarə rəhbərləri, Yəhya Bakuvi konfransının həmtəşkilatçıları, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Müsəlman Ağsaqqalları Şurasının baş katibi, Beynəlxalq İslam Fiqhi Təşkilatının baş katibi, IRCICA-nın baş direktoru və müxtəlif ölkələrin dini rəhbərləri iştirak ediblər.
Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri dini liderlərin roluna verilən qiymət olub. İlham Əliyev bildirib ki, müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün dəyərlidir və əgər bu çağırışlar sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa istiqamətlənirsə, bunun cəmiyyətlərdə sülh və sabitliyə təsiri ola bilər.
Bu yanaşma Azərbaycanın dini diplomatiyasının mahiyyətini anlamaq baxımından əhəmiyyətlidir. Çünki söhbət yalnız dövlətlərarası münasibətlərdən getmir. Dini liderlər vasitəsilə cəmiyyətlər arasında dialoqun, mənəvi dəyərlərin və qarşılıqlı anlaşmanın təşviqi də ayrıca istiqamət kimi önə çıxır.
Azərbaycanın bu istiqamətdəki fəaliyyəti yeni deyil. Ölkənin İslam dünyası ilə əməkdaşlığının mühüm institusional platformalarından biri İslam Əməkdaşlıq Təşkilatıdır. Prezident İlham Əliyev sentyabrın 10-da İƏT-in yeni baş katibi İsmail Uld Şeyx Əhmədə ünvanladığı məktubda Azərbaycanın təşkilata üzv olduğu 35 il ərzində onun fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynadığını, İslam həmrəyliyinin gücləndirilməsinə və təşkilatın beynəlxalq nüfuzunun artırılmasına töhfə verdiyini bildirib.
Azərbaycan üçün İƏT xətti xüsusilə Qarabağ məsələsi kontekstində də əhəmiyyətli olub. Rəsmi məlumatlara görə, təşkilat Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə və bəyanatlar qəbul edib. Bu baxımdan Azərbaycanla İƏT arasında münasibətlər yalnız dini-mədəni əməkdaşlıqla məhdudlaşmayıb, eyni zamanda siyasi həmrəylik müstəvisini də əhatə edib.
Digər mühüm istiqamət isə ICESCO xəttidir. Azərbaycanın İslam mədəni irsinin qorunması siyasətində Şuşanın 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi xüsusi yer tutur. Bu qərar 2023-cü ildə Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında qəbul edilib.
2024-cü ildə Şuşada keçirilən tədbirlər çərçivəsində İslam Dünyası İrs Komitəsinin 12-ci iclasının təşkil olunması da Azərbaycanın mədəni irs məsələsini İslam dünyasının ümumi gündəliyinə çıxaran mühüm addımlardan biri olub. İclasda tarixi məkanların və mədəni elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsi məsələləri müzakirə edilib.
Daha maraqlısı budur ki, Şuşada keçirilən həmin iclasın nəticəsində İslam dünyasının müxtəlif ölkələrinə aid 91 tarixi məkan və mədəni element ICESCO-nun irs siyahılarına daxil edilib. Beləliklə, Azərbaycan şəhəri İslam dünyasının müxtəlif ölkələrinə məxsus ortaq irsin müzakirə edildiyi beynəlxalq platformaya çevrilib.
Azərbaycanın İslam həmrəyliyi siyasətinin daha geniş auditoriyaya çıxarıldığı mühüm hadisələrdən biri isə 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları oldu. Burada idman diplomatiyası dini-mədəni əməkdaşlıqla birləşdirildi. Müxtəlif müsəlman ölkələrindən gələn idmançıların Bakıda bir araya gəlməsi İslam həmrəyliyi anlayışının yalnız siyasi və dini platformalarda deyil, cəmiyyətlər və gənclər səviyyəsində də təşviqinə imkan yaratdı. Bu xəttin başqa bir mühüm elementi isə Qarabağdır.
2026-cı ilin sentyabrında Bakıda toplaşan dini liderlərin və alimlərin Ağdam, Xocalı, Xankəndi və Şuşaya səfərləri tədbirin coğrafiyasını paytaxtdan kənara çıxarıb. Sentyabrın 16-da konfrans iştirakçıları Ağdam və Xocalıdan sonra Xankəndiyə səfər edib, daha sonra Şuşaya yollanıblar.
Ağdamda keçirilən konfransda isə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə işğal dövründə Qarabağda 67-dən çox məscid və məbədin dağıdıldığını bildirib və Ağdam Cümə məscidinin də vandalizmə məruz qaldığını qeyd edib.
Beləliklə, dini liderlərin Qarabağa səfəri Azərbaycanın təqdim etdiyi İslam irsi gündəliyinin başqa bir tərəfini göstərir: tarixi-dini abidələrin qorunması və bərpası.
Bu mövzu sentyabrın 17-də Bakıda keçiriləcək “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” konfransının gündəliyində də əsas yer tutur. Tədbirdə dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyası, dini icmaların rolu, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin əhəmiyyəti müzakirə ediləcək.
Bütün bunların fonunda Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Konfransına ev sahibliyi etməsi xüsusi əhəmiyyət qazanır. 2027-ci ildə İƏT-in 16-cı İslam Zirvə Konfransının Azərbaycanda keçirilməsi ilə yanaşı, ölkənin təşkilatda sədrliyi də nəzərdə tutulur. Prezident İlham Əliyev bildirib ki, sədrliyi dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, əməkdaşlığın dərinləşdirilməsi və İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində səylər göstəriləcək.
Bu baxımdan qarşıdakı Zirvə Görüşü ayrıca bir tədbirdən daha geniş məna daşıyır. Son illərdə Azərbaycanın İslam dünyası ilə münasibətlərində formalaşan müxtəlif istiqamətlər – İƏT çərçivəsində siyasi əməkdaşlıq, ICESCO vasitəsilə mədəni və tarixi irsin qorunması, İslam Həmrəyliyi Oyunları vasitəsilə ictimai və idman diplomatiyası, dini liderlərin Bakıda görüşləri vasitəsilə mənəvi və dini dialoq – 2027-ci ildə daha böyük beynəlxalq platformada bir araya gələcək.
Burada Azərbaycanın özünü necə təqdim etdiyi də diqqət çəkir: İslam dünyasının daxilində müxtəlif məzhəblərin, dini məktəblərin və siyasi mövqelərin mövcudluğunu nəzərə alan, eyni zamanda Türk dünyası ilə İslam dünyası arasında körpü rolunu önə çıxaran ölkə kimi.
Sentyabrın 14-16-da Bakıda və Qarabağda keçirilən tədbirlər bu siyasətin praktik nümunələrindən biri oldu. Dini liderlərin bir araya gəlməsi, Seyid Yəhya Bakuvi kimi tarixi şəxsiyyətin irsinin müzakirə edilməsi, Qarabağdakı dini-mədəni irsin nümayəndə heyətinə təqdim olunması və ardınca tarixi-dini abidələrin qorunmasının ayrıca gündəmə çıxarılması eyni xəttin müxtəlif istiqamətləridir.
Azərbaycanın İslam dünyası ilə münasibətlərində əsas diqqət çəkən məqam tədbirlərin sayından daha çox onların bir-biri ilə əlaqələndirilməsidir. İslam həmrəyliyi, mədəni irsin qorunması, dini liderlər arasında dialoq və multilateral əməkdaşlıq Bakının İslam dünyasına münasibətdə istifadə etdiyi əsas platformaları bir-birini tamamlayan istiqamətlərə çevirir.
2027-ci ildə İƏT Zirvə Konfransının Bakıda keçirilməsi isə bu prosesin növbəti və daha geniş mərhələsi olacaq./Musavat.com
Telegram kanalımız