“Hər bahalaşmanı süni qiymət artımı adlandırmaq düzgün olmaz. Restoranların xərcləri həqiqətən arta bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Bella Bəşirova bildirib.
Onun sözlərinə görə, ərzaq, əməkhaqqı, icarə, kommunal xidmətlər, logistika və digər xərclərdə artım olduqda bu, təbii olaraq menyu qiymətlərinə də təsir göstərir: pizza hut
“Amma burada başqa məsələ də var: qiymət artımı ilə xərc artımı eyni sürətdə olmaya bilər. Əgər müəssisənin xərcləri müəyyən faiz artır, amma menyu qiymətləri bundan dəfələrlə çox yüksəlirsə, artıq həmin fərqin iqtisadi əsaslandırılması sual doğurur.
Ona görə mən bunu belə ifadə edərdim: bazarda həm real xərc artımından yaranan bahalaşma, həm də bəzi hallarda sahibkarın daha yüksək marja əldə etmək istəyindən yaranan qiymət artımı ola bilər.
Konkret restoran haqqında rəqəmləri bilmədən “süni bahalaşdırır” demək, məncə, düzgün deyil. Restoran çalışar ki, imkan qədər müştərini itirməsin. Burada ən vacib məsələ servis haqqının hüquqi və iqtisadi mahiyyətinin müştəriyə aydın izah edilməsidir”.
B. Bəşirova vurğulayıb ki, servis haqqı barədə müştəriyə öncədən məlumat verilməlidir:
“Əgər menyuda və ya sifarişdən əvvəl müştəriyə açıq şəkildə bildirilirsə ki, məsələn, xidmət haqqı 10 faizdir və bu məbləğin necə tətbiq olunduğu göstərilirsə, müştəri sifariş verərkən real qiyməti bilməlidir. Amma menyuda yeməyin qiyməti bir rəqəm, hesabın sonunda isə əlavə 10–15 faiz çıxırsa və müştəri bundan əvvəl xəbərdar edilməyibsə, bu, şəffaflıq baxımından ciddi problemdir.
Servis haqqının konkret olaraq ofisianta çatıb-çatmadığını isə restoranın daxili əməkhaqqı və bölüşdürmə sistemini bilmədən demək mümkün deyil. “Servis haqqı ofisianta gedir” demək də, “restoranın gizli qazancıdır” demək də sübut olmadan düzgün yanaşma deyil”.
Ekspert qeyd edib ki, restoran bunu açıq göstərməlidir ki, xidmət haqqı neçə faizdir, nəyə görə tutulur və işçilərin əməkhaqqı sisteminə necə təsir edir:
“Mən bunu çox sadə prinsip əsasında qiymətləndirərdim: müştəri sifariş etmədiyi məhsul və xidmətin ödənişini etməli olduğunu əvvəlcədən bilməlidir.
Məsələn, masaya çörək qoyulubsa, onun pulsuz təqdim edildiyi, yoxsa ödənişli olduğu müştəriyə aydın olmalıdır. Eyni hal suya, çay dəstgahına, salfetə və digər xidmətlərə də aiddir.
Müştərinin xəbəri olmadan məhsul gətirib, sonra hesabda onun pulunu tələb etmək, məncə, şəffaf biznes davranışı deyil. Burada söhbət təkcə bir-iki manatlıq məhsuldan getmir. Məsələ istehlakçının seçim hüququ və etimad məsələsidir.
Restoran müştəriyə deməlidir: “Bu məhsul ödənişlidir, istəyirsinizsə təqdim edək”. Müştəri də öz seçimini etməlidir. Məncə, əsas problem yalnız qiymətin yüksək olması deyil, qiymətin necə təqdim olunmasıdır”.
İqtisadçı əlavə edib ki, insan bahalı restorana gedirsə, yüksək qiyməti əvvəlcədən görüb seçim edə bilər:
“Problem o zaman yaranır ki, menyuda bir qiymət görür, sifariş verir, hesab gələndə isə həmin məbləğin üzərinə əlavə ödənişlər çıxır. Bu, istehlakçıda “məndən nə qədər pul alınacaq?” sualını yaradır. Restoran biznesində müştəri məmnuniyyəti çox vacibdir. Bir müştəridən bu gün əlavə 5-10 manat almaq əvəzinə, onun etimadını qazanıb gələcəkdə də həmin müştərini restoranınıza gətirmək daha sağlam biznes modelidir.
Şəffaf qiymət həm istehlakçının, həm də vicdanlı sahibkarın marağındadır. Bəli, mənim mövqeyim budur: müştəri sifariş verməzdən əvvəl ödəyəcəyi məbləğin formalaşmasını başa düşməlidir. Yeməyin qiyməti nə qədərdir, xidmət haqqı varmı, varsa neçə faizdir, əlavə məhsullar ödənişlidirmi – bunlar aydın olmalıdır. Müştəri hesab gələndə ilk dəfə əlavə ödəniş görməməlidir. Çünki bazar iqtisadiyyatında qiymət yalnız rəqəm deyil, həm də etimaddır, müştəri məmnuniyyətinin qorunması və sadiqliyinin itirilməməsidir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız