Azərbaycanda ət və ət məhsullarının qiyməti yenidən aktuallaşıb. Təkcə bu ilin yanvar-aprel aylarında ölkəyə xarici ölkələrdən 4 min 412 ton iribuynuzlu heyvan əti – təzə, soyudulmuş və dondurulmuş məhsul idxal edilib. Ətin idxal olunduğu ölkələr arasında Ukrayna, Braziliya, Belarus, Hindistan və Rusiya yer alıb.
Bununla yanaşı, son günlər mal ətinin qiymətində artım müşahidə edilir. Hazırda bəzi satış məntəqələrində sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz mal ətinin qiyməti isə 23 manata çatıb. Ekspertlər bahalaşmanı heyvan bazarında olan qıtlıqla əlaqələndirirlər.
Bəs heyvan sayının azalmasının səbəbləri nələrdir? pizza
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda heyvandarlıq sahəsində vəziyyət getdikcə çətinləşir. Onun sözlərinə görə, heyvanların baş sayı azalır və bu proses davam edir:
“Bazarda yem qıtlığı var, örüş əraziləri getdikcə azalır və həmin ərazilərdə məhsuldarlıq aşağı düşür. Bu səbəbdən fermerlər, kəndlilər məcburiyyət qarşısında qalaraq heyvanları kəsimə veriblər. Bu da heyvanların sayının azalmasına gətirib çıxarır”.
Ekspert qeyd edib ki, heyvandarlıqda yem çatışmazlığı məhsuldarlığın da aşağı düşməsinə səbəb olur.
O, son dövrlərdə qarayara xəstəliyinin yayılması ilə bağlı məlumatların da narahatlıq doğurduğunu deyib.
Ətin qiyməti yenə bahalaşacaq?
V.Məhərrəmovun fikrincə, heyvanların baş sayı və ət istehsalında azalmanın qarşısını almaq üçün tədbirlər görülməlidir. Əks halda, bu proses yenidən qiymət artımına səbəb olacaq.
Ekspert bunun təkcə Azərbaycanla bağlı məsələ olmadığını, dünyada da heyvandarlıq sahəsində oxşar problemlərin yaşandığını bildirib. O, hesab edir ki, iqlim dəyişiklikləri və qlobal istiləşmə də bu prosesə təsir göstərir.
V.Məhərrəmov xaricdən dondurulmuş ət gətirilməsinin təzə ətə olan tələbatı tam kompensasiya etmədiyini də vurğulayıb:
“Xaricdən dondurulmuş ət gətirilir, lakin o, təzə əti kompensasiya etmir. Çünki insanlar dondurulmuş ət əvəzinə təzə ətə üstünlük verir”.
Ekspert çıxış yolunun bitkiçiliyin inkişafından da keçdiyini qeyd edib. Onun sözlərinə görə, bitkiçilik inkişaf etdikcə heyvandarlığın da inkişafına şərait yaranacaq.
İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirir ki yerli bazarda qiymətlərin daha da bahalaşmasının qarşısını almaq üçün xaricdən həm diri heyvan, həm də ət idxal olunur:
“Bizdə bu idxal olmasa, yerli məhsul hesabına qiymətlər qalxacaq. Hazırda heyvandarlıqda elə bir vəziyyət formalaşıb ki, yerli istehsal tələbatı tam təmin edə bilmir. Ancaq qiymət müəyyənləşdirilməsi prosesi baxımından idxal çox vacib məsələdir. Ola bilsin ki, biz ətlə təmin oluna bilək, amma qiymət tamamilə fərqli və baha olsun”.
F.İbrahimovun sözlərinə görə, bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən təkliflər irəli sürülüb. Təklifdə ət məhsulları istehsalının artması və 2030-cu ilə qədər idxal asılılığından çıxmaq planı da xüsusi yer alıb.
Telegram kanalımız