İkinci şans olmayacaq! – İkinci Mahmud

İkinci şans olmayacaq! –
İyul 6, 2019
Oxunma sayı: 196

Bu gün dünyasını dəyişən gənc yazar İkinci Mahmudun qısa, amma həyatın amansızlığını anladan bir paylaşımını təqdim edirik:

Həyatımızı axmaq-axmaq şeylərə sərf edirik. Ömrümüz kontur kimi sürətlə tükənməkdə: 20 yaş, 30 yaş, 40 yaş, 50 yaş... Nə qədər qalıb görəsən? 

Səni xoşbəxt edən şeyləri ertələmə! İndi et, sabah yox, bir azdan yox, məhz indi. Bax lap bu dəqiqə. 

Sonraya saxlama. "Sonra" yoxdur. Sabah yoxdur. Uyğun vaxt yoxdur. Münasib şərait yoxdur. Pul həmişə az olacaq. Dondurma yeməkçün yayı gözləmə. Öpüşməkçün sakit yer axtarma. "Səni sevirəm" deməkçün ad günü, tanışlıq ildönümü gözləmə. Qucaqlamaqçün soyuq havanı gözləmə. 

Sevdiklərinlə vaxt keçir. 

Sevincini də içdən yaşa, kədərini də. 

Xoşun gələn qız var? Aç bu dəqiqə mesaj yaz. Olduğu kimi yaz. Uydurma. Dastan açma. Hiss etdiyini yaz. Qorxma. Ürəkli ol. Sabaha saxlama. Sonraya saxlama.

Darıxdığın adam var? Eqonu at kənara. Yaz ki, darıxmışam.

Anla birdəfəlik: ikinci şans olmayacaq.