“Bu gün uşaqların əvvəlki kimi həyətdə, küçədə və məhəllədə çox vaxt keçirməməsinin bir neçə səbəbi var. Əsas səbəblərdən biri texnologiyanın həyatımıza çox daxil olmasıdır. Telefon, planşet və kompüter uşaqlar üçün həm əyləncə, həm də vaxt keçirmək vasitəsinə çevrilib. Digər tərəfdən, valideynlər əvvəlki illərlə müqayisədə uşaqların küçədə təhlükəsizliyi ilə bağlı daha çox narahat olurlar. Nəqliyyat, yad insanlarla bağlı qorxular və ümumi təhlükəsizlik məsələləri uşaqların sərbəst oynamasına mane olur. Həmçinin bəzi məhəllələrdə uşaqlar üçün uyğun oyun meydançalarının az olması da təsir edir”.
Bunu “Yeni Sabah”a psixoloq Zeynəb Əyyubova deyib. O bildirib ki, uşağın həmyaşıdları ilə küçədə oynaması onun inkişafında mühüm rol oynayır:
“Uşaqlar birlikdə oynayanda paylaşmağı, növbə gözləməyi, razılaşmağı, mübahisəni həll etməyi öyrənirlər. Məsələn, futbol oynayarkən kimin qapıda dayanacağı, oyuna kimin qoşulacağı kimi kiçik məsələləri öz aralarında həll edirlər. Bu proses uşağın ünsiyyət qurmaq və öz fikrini ifadə etmək bacarığını artırır. Eyni zamanda, sərbəst oyun uşağa öz qərarlarını vermək imkanı yaradır və tədricən müstəqillik hissini gücləndirir. pizza sifarişi
Uşağın bütün boş vaxtını evdə və ekran qarşısında keçirməsi isə müəyyən problemlər yarada bilər. Hərəkətin azalması fiziki aktivliyin aşağı düşməsinə, uzun müddət ekrana baxmaq isə yuxu rejiminə və gündəlik vərdişlərə mənfi təsir göstərə bilər. Bundan başqa, uşaq real ünsiyyətdən uzaq qaldıqca həmyaşıdları ilə münasibət qurmaq üçün daha az imkan əldə edir. Burada əsas məsələ telefonu tamamilə qadağan etmək deyil, ekranla real həyat arasında düzgün tarazlıq yaratmaqdır”.
Psixoloq qeyd edib ki, valideyn uşağı küçəyə çıxmağa məcbur etməkdənsə, bunu maraqlı hala gətirə bilər:
“Məsələn, özü uşağı ilə parka gedə, velosiped sürə, top oynaya və ya qonşuluqdakı uşaqlarla birlikdə oyun təşkil edə bilər. Uşağın dostları ilə birlikdə oynamasına şərait yaratmaq da çox kömək edir. Əgər uşaq görürsə ki, küçədə onu maraqlı oyunlar və dostları gözləyir, telefondan ayrılmaq onun üçün daha asan olur.
Telefon və planşetin açıq havada oyunlara marağı azaltması da mümkündür. Çünki rəqəmsal oyunlar uşağa tez və davamlı əyləncə təqdim edir. Amma bu, bütün uşaqların küçəyə marağını itirməsi demək deyil. Uşağa uyğun şərait yaradıldıqda, xüsusilə dostları ilə birlikdə oynamaq imkanı olduqda, açıq hava oyunları yenə də cəlbedici ola bilər.
Əsas məsələ uşağın həyatında tarazlıq yaratmaqdır. Telefon və planşet tamamilə həyatından çıxarılmalı deyil. Amma onun yerini dostlarla ünsiyyət, açıq havada oyun, hərəkət və ailə ilə keçirilən vaxt tamamilə tutmamalıdır. Uşağın həm texnologiyadan istifadə etməsi, həm də real həyatda oynayıb ünsiyyət qurması onun daha sağlam və müstəqil böyüməsinə kömək edir”.
Aydan Hacı
Telegram kanalımız