İşıq pulunu artıran cihazlar –   Çoxları bunu bilmir

saytların hazırlanması

Evə çatdırılma

İşıq pulunu artıran cihazlar – Çoxları bunu bilmir

İqtisadiyyat

23 Sentyabr 2026 08:01 322


Evdə elektrik cihazlarından istifadə artdıqca ayın sonunda sayğacda rəqəmlərin necə yüksəldiyini görmək mümkündür. Lakin yüksək işıq pulunun səbəbi həmişə gün ərzində uzun müddət işləyən cihaz olmur. Bəzi avadanlıqlar istifadə edilmədiyi halda belə elektrik şəbəkəsinə qoşulu vəziyyətdə enerji sərf edə bilir.

“Yeni Sabah” evdə elektrik xərcini ən çox artıran cihazları və çoxlarının fərqində olmadığı gizli sərfiyyat mənbələrini araşdırıb. Hazırda Azərbaycanda əhali üçün elektrik enerjisinin aylıq istehlakının 200 kVt/saatadək olan hissəsi 8,4 qəpik, 200-300 kVt/saat arası 10 qəpik, 300 kVt/saatdan yuxarı hissəsi isə 15 qəpiklə hesablanır. Yəni sərfiyyat artdıqca əlavə istifadə olunan hər kilovat-saatın qiyməti də yüksəlir.

Ən çox elektrik sərf edən cihaz hansıdır? pizza sifarişi

Burada tək bir cihazı “ən çox işıq yazan” avadanlıq kimi göstərmək düzgün olmaz. Çünki sərfiyyat həm cihazın gücündən, həm də gün ərzində neçə saat işləməsindən asılıdır. Məsələn, elektrik qızdırıcısı yüksək gücə malik cihazlardandır. 2000 vattlıq qızdırıcı gündə 3 saat işlədilərsə, ay ərzində təxminən 180 kVt/saat elektrik sərf edə bilər. Bu rəqəm istifadə müddəti artdıqca daha da yüksəlir. Xüsusilə soyuq aylarda qızdırıcının uzun müddət işlədilməsi evin ümumi elektrik sərfiyyatını kəskin artırır.

Kondisioner də hesabı ciddi dəyişir

Yay aylarında isə vəziyyət dəyişir. Kondisionerin uzun müddət işləməsi elektrik hesabına ciddi təsir göstərir. Məsələn, 1200 vattlıq bir kondisionerin gündə 8 saat işlədiyini fərz etsək, sadə hesabla ay ərzində 288 kVt/saat sərfiyyat alınır. Ancaq real göstərici kondisionerin modelindən, temperatur rejimindən, otağın ölçüsündən, havanın temperaturundan və kompressorun nə qədər işləməsindən asılıdır. Energetika Nazirliyi də kondisioner seçərkən otağın sahəsinə uyğun model götürülməsinin vacibliyini bildirir. Həddindən artıq kiçik və ya böyük cihazın seçilməsi enerji sərfiyyatını artırır.

Evdə səssiz-səssiz işləyən başqa bir “işıq yeyən” var

Ən maraqlı məqam isə bəzi cihazların tam söndürülmədiyi zaman enerji sərf etməsidir. Televizoru pultla bağlayırsınız, amma cihaz elektrik şəbəkəsinə qoşulu qalır. Televizorun üzərindəki kiçik işıq yanırsa, bu, onun tamamilə enerjisiz qalması demək deyil. Eyni hal televizor qurğuları, oyun konsolları, kompüterlər, modemlər, şarj cihazları, bəzi mikrodalğalı sobalar və digər elektron avadanlıqlarda da ola bilər.

Bu vəziyyət “standby” – gözləmə rejimi kimi tanınır. ABŞ Energetika Nazirliyinin Lourens Berkli Milli Laboratoriyasının məlumatına görə, xarici enerji adapteri, pult, daim yanan göstərici, şəbəkəyə qoşulma və digər funksiyaları olan cihazlar istifadə edilmədikləri vaxt da müəyyən qədər enerji çəkə bilirlər. Bəzən bunu gözlə müəyyən etmək mümkün olmur və dəqiq ölçmək üçün xüsusi sayğac lazım gəlir. Yəni divanda oturub televizora baxmadığınız saatlarda belə cihazın elektrik şəbəkəsinə qoşulu qalması müəyyən enerji sərfiyyatı yarada bilər. Lakin burada bir məqamı da nəzərə almaq lazımdır: gözləmə rejimindəki cihazların sərfiyyatı adətən qızdırıcı, kondisioner və su qızdırıcısı kimi yüksək güclü cihazlarla müqayisədə çox aşağı olur. Əsas fərq çoxlu sayda cihazın uzun müddət şəbəkədə qalması zamanı yaranır.

Modem, televizor, oyun konsolu – hamısını söndürmək lazımdır?

Məsələn, modem gün ərzində 24 saat işləyir. Televizor, oyun konsolu və digər elektron avadanlıqlar da şəbəkəyə qoşulu qala bilər. Tək bir cihazın gözləmə rejimində sərf etdiyi enerji böyük görünməyə bilər. Amma evdə 10-15 belə cihazın olduğunu düşünəndə vəziyyət dəyişir. Buna görə evdə istifadə edilməyən cihazların hamısını hər dəfə elektrik yuvasından çıxarmaq məcburi deyil. Lakin uzun müddət istifadə edilməyən avadanlıqları, xüsusilə enerji adapterlərini və çoxlu cihazın qoşulduğu uzadıcıları söndürmək əlavə sərfiyyatı azaltmağa kömək edir..

Su qızdırıcısı daçox işıq yazır

Elektrikli su qızdırıcısı da yüksək sərfiyyat yaradan cihazlardandır. Suyun temperaturunu daim yüksək səviyyədə saxlamaq daha çox enerji tələb edir. Soyuq havalarda isə şəbəkədən daxil olan suyun temperaturunun aşağı düşməsi onu qızdırmaq üçün lazım olan enerjinin artmasına səbəb olur. Bu səbəbdən su qızdırıcısının temperaturunu ehtiyacdan artıq yüksək saxlamaq və cihazı boş yerə uzun müddət işlətmək işıq xərcini artıran amillərdən biridir.

Elektrik sobası, ütü və fen necə?

Elektrik sobası da yüksək gücə malik cihazlar sırasındadır. Müxtəlif modellərdə güc göstəricisi dəyişsə də, sobanın qızdırıcı elementləri işləyərkən sərfiyyat artır. Burada da əsas məsələ cihazın neçə saat işləməsidir. Yemək bişirmək üçün qısa müddət istifadə edilən soba ilə saatlarla boş yerə açıq saxlanılan sobanın sərfiyyatı eyni olmayacaq.

Ütü və saçqurudan kimi cihazlar da işlədiyi müddətdə yüksək güc tələb edir. Ancaq onlar adətən qısa müddət istifadə edildiyindən aylıq ümumi sərfiyyata təsiri kondisioner və qızdırıcı qədər olmur.

Soyuducu isə fərqlidir – 24 saat işləyir

Soyuducu evdə ən uzun müddət işləyən cihazlardan biridir. Onu söndürmək mümkün olmadığı üçün elektrik sərfiyyatı daim davam edir. Ancaq soyuducunun kompressoru 24 saat fasiləsiz eyni gücdə işləmədiyindən onun sərfiyyatını sadəcə cihazın üzərində yazılan gücü 24 saata vurmaqla hesablamaq olmaz. Köhnə, texniki vəziyyəti yaxşı olmayan və ya qapısı düzgün bağlanmayan soyuducular daha çox işləyə bilər. Buna görə soyuducunun rezinlərinin vəziyyəti, temperatur ayarı və qapının tez-tez açılması da nəzərə alınmalıdır.

Əslində işıq pulunu nə artırır?

Evdə elektrik xərcini artıran cihazlara ümumi baxanda belə bir mənzərə ortaya çıxır:

Elektrik qızdırıcısı – yüksək gücə görə xüsusilə qışda;

Kondisioner – uzun müddət işlədildikdə;

Elektrikli su qızdırıcısı – suyun davamlı qızdırılması səbəbindən;

Elektrik sobası – yüksək güc və uzun bişirmə müddətində;

Paltarqurudan maşın – qızdırıcı elementlə işləyən modellərdə;

Soyuducu – fasiləsiz şəbəkədə olduğuna görə;

Paltaryuyan və qabyuyan maşın – xüsusilə yüksək temperatur proqramlarında;

Televizor, kompüter, oyun konsolu və modem – uzun müddət istifadə və gözləmə rejimində qaldıqda.

Burada əsas qayda sadədir: cihazın gücü nə qədər yüksəkdirsə və o, nə qədər uzun işləyirsə, sərfiyyat da bir o qədər artır.

İşıq pulunu azaltmaq üçün ən sadə üsul

Bunun üçün bütün cihazları evdən çıxarmağa ehtiyac yoxdur. İlk növbədə ən çox enerji tələb edən avadanlıqlara baxmaq lazımdır. Qızdırıcını saatlarla boş yerə işlətməmək, kondisioneri uyğun temperaturda saxlamaq, su qızdırıcısının temperaturunu ehtiyaca uyğun tənzimləmək və istifadə edilməyən elektron cihazları tam söndürmək sərfiyyatı azaltmağa kömək edir. Ən vacibi isə sayğacın artımına baxıb səbəbi təxmin etmək əvəzinə cihazları bir-bir yoxlamaqdır. Hətta xüsusi enerjiölçən rozetkalarla ayrı-ayrı cihazların nə qədər elektrik sərf etdiyini ölçmək də mümkündür.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!