Yaz-yay fəslinin gəlişi ilə transsərhəd çaylarda müşahidə olunan gursululuq dövrü Kür çayının aşağı axınında suyun səviyyəsinin artmasına səbəb olub. Mingəçevir su anbarından saniyədə 500 kubmetr suyun buraxılması bəzi narahatlıqlara yol açsa da, rəsmi qurumlar vəziyyətin tam nəzarətdə olduğunu bildirirlər.
Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarında suyun yığılması çoxillik nizamlama rejiminə uyğun aparılır.
Məlumata görə, artıq suyun buraxılması Nazirlər Kabineti ilə razılaşdırılmış şəkildə, planlı surətdə həyata keçirilir:
“Respublika ərazisinə qonşu dövlətlərin ərazisindən daxil olan transsərhəd çayları (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkəmizin daxili çaylarında yaz-yay gursululuq dövrü müşahidə olunur və çaylarda suyun artımı təbii proseslərdir. 2010-cu il sel daşqınlarından keçən son 15 il ərzində Kür çayının bəndinin hündürləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində işlər görülüb və hər il olduğu kimi, cari ildə istismar tədbirlərinə ayrılan vəsait daxilində bu tədbirlər davam etdirilir”.
Qurumdan qeyd olunub ki, əsas qoruyucu mühafizə bəndlərində hər hansı bir təhlükə yoxdur:
“Mühafizə bəndlərinin fasiləsiz monitorinqi aparılır, bütün ərazilər nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər həyata keçirilir. Son günlər çayda suyun səviyyəsinin qalxması ilə əlaqədar maşın-mexanizmlər bütün sahələrdə mühafizə bəndlərinin üzərində yerləşdirilərək, fasiləsiz növbətçilik təşkil edilib. Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kbm su buraxılır. Aprelin 24-də Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir. Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar ərazilərdə daşqın təhlükəsi ilə bağlı hər hansı bir narahatlıq yoxdur”.
Aytac Əliyeva
Telegram kanalımız