Komandalar meydana çıxmağa hazırlaşarkən futbol meydançasının sulanması ilk baxışda qəribə görünə bilər. Axı futbolçular bir neçə dəqiqədən sonra oynayacaqsa, meydançanı niyə isladırlar?
“Yeni Sabah” xəbər verir ki, əslində, matçdan əvvəl meydançanın sulanmasının əsas məqsədi otu böyütmək deyil, oyunun xarakterini tənzimləməkdir. Meydançanın nəmliyi topun hərəkət sürətinə, sıçramasına və futbolçuların butslarının yerə tutuşuna birbaşa təsir edir.
Quru meydançada top otlara və səthdəki xırda nahamarlıqlara daha çox ilişir. Sulanmış və qısa biçilmiş ot örtüyündə isə top daha rahat sürüşür. Nəticədə xüsusilə yerüstü və sərt ötürmələr daha sürətli və dəqiq olur. Buna görə pas üzərində qurulan futbolu sevən komandalar sürətli və nəm meydançaya üstünlük verə bilirlər. pizza
Lakin çox su da yaxşı nəticə vermir. Həddindən artıq nəm meydança futbolçuların sürüşməsinə, ot örtüyünün zədələnməsinə və topun gözlənilmədən sürətlənməsinə səbəb ola bilər. Buna görə suvarma temperatur, külək, torpağın nəmliyi və drenaj sistemi nəzərə alınmaqla aparılır.
UEFA-nın 2026-2027-ci il Avropa Liqası qaydalarına görə, meydançanın normal suvarılması oyundan 60 dəqiqə əvvəl başa çatmalıdır. Ev sahibi klub istəsə, oyuna 10-15 dəqiqə qalmış əlavə suvarma da edə bilər. Fasilə zamanı isə maksimum 5 dəqiqə sulamaya icazə verilir.
Beləliklə, matçdan əvvəl gördüyümüz su çiləyiciləri sadəcə meydançanın qulluq proseduru deyil. Bir neçə dəqiqə sonra topun hansı sürətlə hərəkət edəcəyinə və oyunun tempinə təsir edən taktiki hazırlığın bir hissəsidir.
Aydan Hacı
Telegram kanalımız