Milli Məclisin 30 sentyabr 2026-cı il tarixli iclasında 27 sentyabr – Anım Günü münasibətilə xüsusi bəyanat qəbul olunub.
"Yeni Sabah" xəbər verir ki, sənəddə bu tarixin xalqımızın yaddaşında xüsusi yer tutduğu, sarsılmaz milli həmrəyliyin və yüksək mənəvi-siyasi iradənin rəmzinə çevrildiyi vurğulanıb.
Qeyd edilib ki, 27 sentyabr Azərbaycan torpaqlarının işğaldan qurtarılmasına, ədalətin bərpasına və dövlətin bütün ərazisində suverenliyinin təmin olunmasına yol açan üç illik Zəfər salnaməsinin başlanğıc nöqtəsidir. Prezident İlham Əliyev tərəfindən bu günün Anım Günü elan edilməsi Vətən uğrunda canından keçən şəhidlərimizə dövlət və cəmiyyət səviyyəsində göstərilən dərin ehtiramın bariz nümunəsidir. pizza sifarişi
Bəyanatda 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin ölkəmizin tarixində dönüş nöqtəsi olduğu bildirilib. Ordumuzun tarixi Qələbəsi nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edilib və regionda yeni hərbi-siyasi reallıqlar formalaşıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini və digər beynəlxalq təşkilatların qərarlarını öz hərbi-siyasi gücü ilə icra edib.
Vurğulanıb ki, bu möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə uyğun olaraq uzun illər boyu dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi, müasir ordunun qurulması, milli təhlükəsizlik potensialının artırılması və gənclərin vətənpərvər ruhda böyüdülməsi istiqamətində yürütülən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik maharəti, ordu-xalq birliyi, eləcə də əsgər və zabitlərimizin misilsiz rəşadəti həlledici rol oynayıb.
Sənəddə müharibə dövründə Ermənistanın Cenevrə konvensiyalarını pozaraq mülki əhalini, cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrini ballistik raketlər, kasetli və ağ fosforlu mərmilərlə hədəf aldığı xatırladılıb. Bu cinayətlər nəticəsində 100-dən çox dinc sakin (o cümlədən 11 uşaq) həlak olub, 450-dən çox insan yaralanıb. Azərbaycan Ordusu isə humanitar hüquq normalarına tam əməl edərək yalnız düşmənin hərbi obyektlərini sıradan çıxarıb.
Bəyanatda, həmçinin 2023-cü il sentyabrın 19-20-də keçirilən birgünlük antiterror tədbirlərinə də toxunulub. Qeyd olunub ki, bu əməliyyatla separatçı rejimin mövcudluğuna son qoyulub və ölkənin suverenliyi tam bərpa edilib. Bu uğur 44 günlük müharibənin yekun zəfər akkordu olub.
Milli Məclis Anım Günü (27 sentyabr), Zəfər Günü (8 noyabr) və Dövlət Suverenliyi Gününün (20 sentyabr) xalqımızın şüurunda vahid mənəvi vəhdət təşkil etdiyini bildirib. Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, tibbi reabilitasiyası və mənzil təminatının dövlətin prioritet fəaliyyət istiqaməti olduğu, şəhidlərimizin adının əbədiləşdirilməsi üçün memorial komplekslərin, muzeylərin yaradıldığı və adlarının küçə və məktəblərə verildiyi vurğulanıb.
Bəyanat bu təsirli fikirlərlə yekunlaşıb:
“Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ucaldılmış ən böyük abidədir”.
Nazim Hacıyev
Telegram kanalımız