Müharibələrdə insan əvəzinə robotların döyüşməsi artıq fantastika deyil. Çin bu istiqamətdə real addımlar atır və insansı robotları gələcək hərbi əməliyyatlarda istifadə etməyə hazırlaşır.
“Yeni Sabah” xəbər verir ki, Çin robot texnologiyalarını həm sənayedə, həm də hərbi sahədə sürətlə inkişaf etdirir. Xüsusilə insana bənzər robotların gələcəkdə döyüşlərdə istifadə olunması üçün ölkədə yeni sınaq mərkəzləri yaradılır.
2025 və 2026-cı illərdə bu sahədə aparılan işlər əsasən robotların ətraf mühiti daha yaxşı qəbul etməsinə, obyektləri idarə etməsinə və süni intellektin öyrədilməsi üçün məlumat toplamasına yönəlib. pizza
“BofA Global Research”in məlumatına görə, 2025-ci ildə dünyada satılan insana bənzər robotların təxminən 95 faizini Çin şirkətləri istehsal edib.
Çin Xalq Azadlıq Ordusu da hərbi texnologiyalarını inkişaf etdirərkən ölkədə sürətlə böyüyən mülki robot bazarının imkanlarından istifadə edir. Sahənin aparıcı şirkətlərindən biri olan “Unitree”nin birja planları çərçivəsində 13 milyard dollar gəlir əldə etməsi də robot sektorunun sürətlə böyüdüyünü göstərir.
Hərbi sahədə isə 2025-ci ilin avqustunda Milli Müdafiə Texnologiyaları Universitetinin tədqiqatçıları altı “müharibə robotundan” ibarət şəhər döyüş qrupu modelini təqdim ediblər. Hazırlanan ssenaridə robotların hərbçilərlə birlikdə düşmənin nəzarətində olan binaya daxil olaraq ərazini təmizləməsi simulyasiya edilib.
Bundan bir neçə ay sonra dekabrda Çin ordusunun Şərq Cəbhəsi Komandanlığı hərbi robotların gələcək mümkün münaqişədə Tayvanın müdafiə xəttini yarıb keçdiyini göstərən süni intellektlə hazırlanmış video yayıb.
Mütəxəssislər hesab edirlər ki, robotların ordudakı rolu zamanla dəstək və logistika işlərindən birbaşa döyüş əməliyyatlarına qədər genişlənə bilər. Analizlərə görə, Çin qarşıdakı illərdə daha ucuz və funksional modellər hazırlamaq üçün yüz minlərlə insansı robot istehsal etməyi planlaşdırır.
Proqnoza əsasən, Çin 2030-cu ilə qədər ildə təxminən 450 min robot sata bilər.
Çin Kommunist Partiyasının toplantısında çıxış edən dövlət başçısı Şi Cinpin də orduda pilotsuz və ağıllı texnologiyaların genişləndirilməsinin, hərbi modernləşmənin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bu açıqlamadan sonra Çin Hərbi Hava Qüvvələri də 100-dən çox hərbi hissənin iştirak etdiyi əməliyyatların planlaşdırılmasında süni intellekt əsaslı sistemdən istifadə etməyə başlayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız