26 May - 00:16
“Öz kitabını satan müəllif hörmətdən düşür“  - Yazıçıdan etiraz

“Öz kitabını satan müəllif hörmətdən düşür“ - Yazıçıdan etiraz

Yazar

18 Yan 2022 11:59


“Müəllif kitabını harda gəldi qarşısına qoyub satarsa, öz dəyərini elə oradaca itirir. Adamın ürəyi ağrıyır...”

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı-publisist İlhamə Nasir deyib.

Onun sözlərinə görə, kitabını özü satan müəllif oxucular tərəfindən ciddiyə alınmır:

“Bu gün nəşriyyat sistemində və kitab sektorundakı boşluq şair və yazıçıların ən ağrılı yeridir. Axı niyə bütün problemləri müəllif özü həll etməlidir? Bilirsiniz, öz kitabını satan müəllifə oxucu heç vaxt ciddi yanaşa bilməz. O vaxt uşaq olsam da, yadımdadır, Eldar Baxış, Cəlal Bərgüşad rayonumuza gələndə camaat qarışırdı bir-birinə. Ki, onların üzünü gendən də olsa, görə bilsinlər. Hətta oxuduqları kitabın müəllifini hansısa bir görüşdə görmək üçün kənddən vurub şəhərə də gedərdilər. Yazarlar mənim beynimdə o cür formalaşmışdılar. Gələcəkdə yazar olmağım da onlardan qaynaqlanmışdı. Məni zaman aldatdı”.

Yazıçı təşkil olunan kitab yarmarkalarındakı qiymətlərdən də danışıb:

“Nə bilərdim ki, vaxt gələcək müəllifin dəyəri kitabın dəyərindən aşağı olacaq. Bəli, müəllif kitabını harda gəldi qarşısına qoyub satarsa, öz dəyərini elə oradaca itirir. Adamın ürəyi ağrıyır. Təsəvvür edirsiniz, müəllifin təzə kitabı nəşr olunur və dünyaya övlad gətirir kimi sevinir. Amma o sevincin arxasındakı dağ boyda narahatlığı özündən başqa kimsə görə bilmir; görəsən, o kitabları məkana pul ödəmədən və yaxud az məbləğ ödəməklə harada sata bilərəm? Heç olmasa qoyduğum xərci çıxara biləcəyəmmi? Qınamaq lazım deyil, neyləsin? Sağ olsun, Markı. Heç olmasa, onun “Facebook”unda müəllif özünə xeyli auditoruya toplaya bilir. Sonra kitabının təqdimatını edir. Elə bil toy və ya yas mərasimidir - getmişəmsə, gəlməlisən! Təqdimata gələnlər də bir ağız müəllifi tanıdı-tanımadı tərifləyir, kitabını alıb gedir. Daha kitabın sonrakı taleyi məlum olmur. Artıq bu bir ənənəyə çevrilib. İndi kitab yarmarkaları təşkil olunur. Eynən kənd məhsulları yarmarkası kimi. Hər kəs öz məhsulunu - kitablarını qoyub qarşısına satır. Əslində bunun özü də bir riskdir. Axı götürdüyü masanın qiyməti ən azı 200 manatdır. Satış etməklə xərci borcunu ödəyəcəkmi? Kitabın qiymətini bir az baha qoysa alan olmayacaq, ucuz versə masanın qiymətini çıxara bilməyəcək. Mənim də yeni kitabım nəşr olunmalıdır. Bilmirəm sevinim, yoxsa kədərlənim. Çünki, saydığım o qədər ağır etaplardan keçmək var qarşıda. İndi biri qəfil böyürdən çıxıb belə bir sual verər ki, axı nə məcburdur? Bax onda lal-dinməz gözlərimi döyəcəyəm”.

Əsmətxanım 


Youtube kanalımız


Digər xəbərlər