Yay mövsümünün sonuna yaxınlaşdıqca Bakının kirayə mənzil bazarında ilin ən kəskin qiymət artımı və tələbat pik nöqtəsinə çatır. Avqust ayının ortalarından başlayaraq oktyabrın əvvəlinə qədər davam edən bu dövrdə mənzil bazarında hərəkətliliyin əsas drayveri ali təhsil müəssisələrinə qəbul olan on minlərlə tələbənin paytaxta axını, yay məzuniyyətlərinin bitməsi və işgüzar mövsümün bərpa olunmasıdır. Bütün bu amillərin üst-üstə düşməsi nəticəsində payızda kirayə mənzillərin qiymətində orta hesabla 10–20% civarında bahalaşma müşahidə edilir.
“Yeni Sabah”ın araşdırmasına görə, tələbatın və qiymət artımının ən kəskin hiss olunduğu ərazilər bilavasitə universitetlərin və metrostansiyaların sıx yerləşdiyi mərkəzi və mərkəzəyaxın rayonlardır. Yamal rayonunda (xüsusilə Elmlər Akademiyası, İnşaatçılar və Nizami m/s çevrəsi), Nərimanov və Gənclik ərazilərində, eləcə də Nəsimi rayonunda (28 May və Qış parkı ətrafı) tələbə və gənc mütəxəssis axını hesabına təkrar və yeni tikililərdə boş mənzil tapmaq çətinləşir. Yay aylarında bu ərazilərdə 400–500 AZN-ə təklif olunan 1 otaqlı təmirli mənzillərin aylıq icarə haqqı payıza doğru 500 – 650 AZN-ə, 2 otaqlı mənzillərin qiyməti isə 600–700 AZN-dən 750 – 950+ AZN-ə yüksəlir. Metro çıxışlarına yaxın premium binalarda 2-3 otaqlı mənzillərin qiyməti 1 000 – 1 400 AZN intervalını keçir.
Mərkəzdəki kəskin bahalaşma və təklifin məhdudluğu büdcəsi məhdud olan şəxsləri və tələbə qruplarını kənar və metrostansiyası olan digər yaşayış massivlərinə yönəldir. Bu çərçivədə Xətai (Həzi Aslanov, Əhmədli) və Nizami (Qara Qarayev, Neftçilər) rayonlarında, həmçinin Xırdalan şəhəri, Masazır qəsəbəsi və Yeni Yasamal ərazisində də kirayə qiymətlərində 50–100 AZN aralığında yüksəliş baş verir. Əvvəlki aylarda kənar qəsəbələrdə 300–350 AZN-ə tapılan 1-2 otaqlı mənzillər payız mövsümündə 380 – 480 AZN diapazonunda təklif edilir. Toyuqlu pizza
Payız bazarındakı başqa bir maraqlı tendensiya günlük kirayə rejimindən uzunmüddətli kirayəyə keçiddir. Yayda turistlərə və yerli istirahətçilərə günlük icarəyə verilən mənzillərin bir hissəsi sentyabrda sabit gəlir əldə etmək məqsədilə aylıq bazara çıxarılır. Lakin bu təklif artımı kütləvi tələbat dalğasının qarşısında kifayət qədər kiçik qaldığı üçün ümumi bahalaşma meylini zəiflədə bilmir. Eyni zamanda, bir mənzildə 3-4 tələbənin şərikli yaşaması ("otaq yoldaşı" modeli) mənzil sahiblərinə adambaşına hesablanan qiyməti artırmaq və ümumi icarə haqqını daha yuxarı həddə qaldırmaq imkanı yaradır.
Ümumilikdə, Bakının kirayə mənzil bazarında payız mövsümü ilin ən aqressiv qiymət dalğası ilə xarakterizə olunur. Metrostansiyalara yaxın ərazilərdə 500 AZN-dən aşağı təmirli və yaşayışa yararlı mənzil tapmaq demək olar ki, imkansızlaşır, bu da alıcıları daha əvvəldən bron etməyə və ya nəqliyyat baxımından əlverişli olan kənar qəsəbələrə üz tutmağa məcbur edir.
Nazim Hacıyev
Telegram kanalımız