Plastik qablarla bağlı bilmədiyimiz təhlükə - Mütəxəssisdən XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Plastik qablarla bağlı bilmədiyimiz təhlükə - Mütəxəssisdən XƏBƏRDARLIQ

Sosial

31 Oktyabr 2026 11:34 119


“Son illərdə plastik qablar həm yeməklərin saxlanılması, həm də suyun daşınması və qorunması üçün geniş istifadə olunur. Bu qablar rahatlığına, asan daşınmasına və birdəfəlik istifadəyə uyğun olmasına görə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bütün plastik qabları zərərli hesab etmək düzgün deyil. Əsas məsələ onlardan necə, hansı temperaturda və nə qədər müddət istifadə edilməsidir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, hər plastik qab zərərli deyil. Əsas məsələ ondan necə və hansı şəraitdə istifadə edilməsidir: Toyuqlu pizza

“Burada diqqət edilməli əsas məqamlardan biri qida ilə təmasda olan plastik materialların tərkibindəki bəzi kimyəvi maddələrin qidaya keçməsi, yəni miqrasiyasıdır. İstinin təsirindən plastik qabların tərkibindəki mikroplastik hissəciklərin və digər kimyəvi maddələrin qidaya keçməsi sürətlənə bilər. Bu maddələr qida vasitəsilə insan orqanizminə daxil ola bilər. Ona görə də plastik qabın növünə, qidanın tərkibinə, temperaturuna, qabda nə qədər müddət saxlanılmasına və qabın vəziyyətinə diqqət yetirilməlidir. Xüsusilə isti yeməkləri plastik qablara qoyarkən ehtiyatlı olmaq lazımdır.

Yüksək temperatur plastikdən qidaya kimyəvi maddələrin keçməsini sürətləndirə bilər. Yağlı və turşulu qidalarda isə bu proses fərqli təsirlər göstərə bilər. Məsələn, turşulu qidalar plastik materiallarla reaksiyaya girə, yüksək temperaturda saxlanılan yağlı qidaların isə tərkibində dəyişikliklər baş verə bilər”.

Ekspert bildirib ki, BPA və ftalat olmayan plastik qablar daha təhlükəsiz olsa da, onların da istifadə qaydalarına əməl etmək lazımdır:

“Bəzi plastik qabların tərkibində bisfenol A (BPA) və ftalatlar kimi maddələr ola bilər. BPA və ftalatlar ehtiva etməyən qablar digər bəzi plastik məhsullarla müqayisədə daha təhlükəsiz hesab oluna bilər. Lakin bu, həmin qabların istənilən şəraitdə istifadəsinin tam təhlükəsiz olduğu anlamına gəlmir. Mikrodalğalı sobada plastik qablardan istifadə zamanı da diqqətli olmaq lazımdır. Çünki mikrodalğalı sobada qidanın bəzi hissələri daha çox, digər hissələri isə daha az qızır. Temperaturun bərabər paylanmaması plastik qabdan qidaya kimyəvi maddələrin keçməsi riskini artıra bilər. Buna görə də mikrodalğalı sobada qidaları plastik qabda qızdırmaq məsləhət görülmür. Zərurət yarandıqda isə yalnız mikrodalğalı sobada istifadə üçün xüsusi nəzərdə tutulmuş qablardan istifadə edilməlidir.

Əks halda, kimyəvi maddələrin qidaya keçməsi ilə yanaşı, qabın əriməsi və formasının dəyişməsi də mümkündür. Bu isə qidanın keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Mikrodalğalı sobada yeməkləri qızdırmaq üçün əsasən şüşə qablara üstünlük verilməlidir. Xüsusilə üzərində boya və digər bəzək elementləri olmayan şüşə qablar daha münasib seçimdir”.

O, isti yeməkləri plastik qablarda soyuducuya qoymamağı tövsiyə edib:

“Digər vacib məqam qidaların uzun müddət soyuducuda saxlanılmasıdır. Xüsusilə isti yeməkləri plastik qablara qoyaraq soyuducuda saxlamaq tövsiyə edilmir. Plastik qablardan əsasən qidaların qısa məsafəyə daşınması və qısa müddət ərzində saxlanılması üçün istifadə olunmalıdır. Ev şəraitində qidaların saxlanılması üçün şüşə və paslanmayan polad qablara da üstünlük vermək olar. İsti yeməklərin daşınması zamanı da plastik qablardan istifadə edilməməsi daha məqsədəuyğundur. Bundan başqa, cızılmış, qırılmış, çatlamış və ya rəngi dəyişmiş plastik qablar istifadədən çıxarılmalıdır. Bəzən insanlar dondurma, qatıq, marqarin və digər qida məhsullarının boş qablarını yuyaraq təkrar istifadə edirlər. Həmin qablarda başqa qidaları uzun müddət saxlamaq və ya yeməkləri qızdırmaq düzgün deyil. Çünki bu qablar ilkin olaraq yalnız konkret məhsulun saxlanılması üçün nəzərdə tutulur və digər məqsədlər üçün istifadəyə uyğun olmaya bilər”.

M.Hüseynova qabları yalnız təyinatına uyğun istifadə etməyin vacibliyini vurğulayıb.

“Plastik qab alarkən üzərində “BPA-free” (BPA ehtiva etmir) yazısının olmasına diqqət etmək, keyfiyyətli məhsullara üstünlük vermək lazımdır. Bununla belə, belə işarənin olması qabın istənilən temperaturda istifadəsinin təhlükəsizliyinə zəmanət vermir. Sağlamlığımızı qorumaq üçün bu məsələyə uzunmüddətli yanaşmalıyıq. Qısamüddətli rahatlığı düşünərək plastik qablardan düzgün istifadə etməmək gələcəkdə sağlamlıq üçün risk yarada bilər. Plastik qabın təhlükəsizliyi yalnız onun hazırlandığı materialdan deyil, həm də hansı məqsədlə istehsal edilməsindən və necə istifadə olunmasından asılıdır.

Nəzərə almaq lazımdır ki, soyuducuda istifadə üçün nəzərdə tutulan qabın avtomatik olaraq isti yeməklərin saxlanılması və ya mikrodalğalı sobada qızdırılması üçün uyğun olduğu anlamına gəlmir. Hər bir qabdan istehsalçının təlimatlarına uyğun istifadə edilməli, qidalar isə öz xüsusiyyətlərinə uyğun temperaturda və şəraitdə saxlanılmalıdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!